“Tarix yazan igidlərimiz” layihəsi: Vətən müharibəsi şəhidi Elvin Şirinov

“Tarix yazan igidlərimiz” layihəsi: Vətən müharibəsi şəhidi Elvin Şirinov

0 rəylər

Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr tarixin ən şanlı anlarıdır. Bu Zəfər sevincini yaşadanlar isə tarixin igid, mərd, ölməz oğullarıdır. Tarixə qanları ilə silinməz iz qoyan igidləri tanıtmaq isə böyük bir şərəf, qürurdur.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Tarix yazan igidlərimiz” layihəsi əsasında Azərbaycanın qəhrəman oğullarını tanıtmağa davam edir.

Kitabxananın İnformasiya-resurs şöbəsi tərəfindən hazırlanan videoçarxlar və informasiya məktubları Vətən oğullarının həyat və şücaətli döyüş yolu ilə bağlı məlumatı əks etdirir.

Vətən torpağı uğrunda mübarizə aparan və adını tarixə yazdıran igid oğullardan biri də Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Elvin Şirinovdur.

Elvin Elsevən oğlu Şirinov 1997-ci il martın 12-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. Uşaqlıqdan onun idmana böyük həvəsi var idi. Futbola olan marağı onun “Qarabağ” futbol komandasında azyaşlılar üçün təşkil edilmiş qrupa üzv olmasına səbəb olmuşdu.

Elvin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qoşun kəşfiyyatı taqım komandiri müavini – qrup komandiri kursunu bitirib. O, gizir kursunu bitirmə haqqında sertifikat alıb.

Azərbaycanın igid oğlu Elvin Şirinov ötən ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 26-da Xocavənd döyüşləri zamanı qəhrəmanca şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə şəhid Elvin Şirinov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Videoçarx kitabxananın sosial hesablarında paylaşılıb.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)