“Şuşa söhbətləri” layihəsində “Musiqinin Şuşaya qayıdışı” mövzusuna həsr olunmuş növbəti görüş keçirildi

“Şuşa söhbətləri” layihəsində “Musiqinin Şuşaya qayıdışı” mövzusuna həsr olunmuş növbəti görüş keçirildi

0 rəylər

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi “Şuşa İli” münasibətilə mart ayından “Şuşa söhbətləri” (Shusha talks) layihəsini həyata keçirir. İyunun 24-də Beynəlxalq Muğam Mərkəzində layihə üzrə “Musiqinin Şuşaya qayıdışı” mövzusuna həsr olunmuş ikinci görüş təşkil olundu.

Tədbiri açıq elan edən Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə layihə haqqında məlumat verdi. Bildirdi ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 270 illiyi münasibətilə ölkəmizdə “Şuşa İli” elan edilib: “Mədəniyyət Nazirliyi olaraq məqsədimiz Şuşa mədəniyyətinin dirçəlişi üçün bir sıra istiqamətlərdə layihələr həyata keçirməkdir. Layihənin əsas məqsədi Qarabağın, onun tacı Şuşanın dirçəlişi ilə bağlı mədəniyyət sahəsində tanınmış şəxslərin fikirlərini öyrənməkdən ibarətdir. İlk görüşdə bir neçə təşəbbüs irəli sürülüb və uğurla reallaşdırılıb. Bugünkü görüş də məhz bu ideyaya xidmət edir. Layihə çərçivəsində ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, blogerlər və yaradıcı sənayenin nümayəndələrinin “Şuşa İli” ilə bağlı nazirliklə əməkdaşlığını genişləndirmək məqsədilə görüşlər keçiriləcək, fikir mübadiləsi aparılacaq”.

Məryəm Qafarzadə dedi ki, nazirliyin bütün layihələrində Şuşanın tarixi-mədəni zənginlikləri həm Azərbaycanda, həm də beynəlxalq aləmdə təbliğ olunacaq: “Dövlət başçısı tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunması və Xurşidbanu Natəvanın 190 illiyinin keçirilməsinə dair sərəncamların icrası ilə əlaqədar Mədəniyyət Nazirliyinin üzərinə böyük vəzifələr düşür. “Şuşa söhbətləri” layihəsində biz sizlərin bu sərəncamların icrası ilə bağlı layihələrdə və proseslərdə müvafiq tövsiyə və təkliflərinizi nəzərə alacağıq”.

Daha sonra şöbə müdiri “Şuşa söhbətləri” layihəsi ilə bağlı təqdimat etdi. Layihədə Qarabağın zəngin mədəni irsi, tarixi, ədəbi mühiti, memarlığı, musiqisi və digər sahələri əhatə etdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, layihə çərçivəsində “Vətənin özü tarixin gözü ilə”, “Şuşa qalası” bölmələri də ictimaiyyətə təqdim olunacaq. M.Qafarzadə həmçinin “Şuşa İli” ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq olunan Tədbirlər Planı haqqında da məlumat verdi.

Təqdimatdan sonra “Şuşa söhbətləri”nin qonaqları səhnəyə dəvət olundu. Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin əməkdaşı Leyla Sarabinin moderatorluğu ilə keçən tədbirdə Xalq artisti, “Cəngi” estrada folklor ansamblının rəhbəri Mircavad Cəfərov, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri Rüfət Xəlilzadə, Əməkdar artistlər Aybəniz Haşımova və Nuriyyə Hüseynova, tarzən Arslan Növrəsli Şuşada “Xarıbülbül” festivalında iştirakları və yaşadıqları təəssüratı bölüşdülər. Natiqlər xalqımıza Qələbə qüruru yaşatdığı üçün Ali Baş Komandana və şanlı Ordumuza təşəkkür etdilər.

Əcdadları Şuşadan olan Arslan Növrəsli bildirdi ki, Şuşa şəhərinə səfəri zamanı babası, görkəmli şair Mirzə Ələsgər Növrəsin məzarını ziyarət edib. Nuriyyə Hüseynova Vətən müharibəsində oğlu və kürəkəninin, bacısı oğlunun döyüşdüyünü qeyd edib. Aybəniz Haşımova ömür yolunda bir Qarabağ imzası olduğunu və bir vətəndaş olaraq bundan qürur duyduğunu vurğuladı. Mircavad Cəfərov və Rüfət Xəlilzadə çıxışları zamanı milli ruhun, milli kimliyin Qarabağa, Şuşaya qayıdışından söz açdılar. Vurğulandı ki, “Şuşa söhbətləri” layihəsi ilə qədim şəhərimizin dəyərlərini təbliğ edərək musiqimizi, mədəniyyətimizin ruhu doğma məkana qaytarıldığına görə bütün sənət adamları fəxr duyur.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)