Özbəkistan deyəndə....   

 Özbəkistan deyəndə....   

0 rəylər

                   Özbəkistan deyəndə....   

                                                       

....Dünyanın xeyli ölkəsinı gəzib-görən mən, elə bildim bu dəfə ən müqəddəs məkana gedəcəyəm... Bir müddətdir hazırlıqlar başlamışdı... günü yetişmişdi...

...Həmişə mənə elə gəlir ki, Özbəkistan ailəmizə ATAmın əmanətidir, içimdə, yazılarımda, ətrafımda nə qədər yaşada bilsəm, tanıda bilsəm, kardır. Yalnız 2019-da getmək qismət oldu ilk dəfə, o da qaçaraq. İnsan sevdiyi şeylərdən heç doymazmış, amma hələ görmədiklərim marağımın və sevgimin artması üçün daha bir bəhanədir...    

                      

 

 

 

 

 

 

Özbəkistan deyəndə...

nələr gəlir ağlıma... Evimizdə çoxlu qonaqlar var... Deyirlər uzaqdan gəliblər... Təamlar masada, ətrafında əyləşənlərin biri şeir deyir, o biri cavab verir, biri Nizamidən danışır, o biri Nəvaidən... Adları çəkilən daha başqa yazıçılar, alimlər də var... Qafur Qulam, Şərəf Rəşidov, Səməd Vurğun, Ləziz Kayumov, Vahid Ələkbərov, Kamil Yaşen, Aybek, Hüseyn Cavid... Məmməd Arif... Hakim Nazir... Maqsud Şeyxzadə... Sədrəddin Ayni... Evimizin məşhur kitabxanasında nə varsa çoxunu oxumuşam... Hələ Baburu demirəm... Özbəkistanı Vasiliy Yanın “Çinqiz xan”, “Batı”, “Sonuncu dənizə doğru”, Sergey Borodinin “Səmərqəndin ulduzları”, Pirimkul Kadırovun “Babur” romanlarından, Uluqbəyin rəsədxanası haqqında oxuduqlarımdan sevməyə başladım... ATAnın məqalələrini yazıldığı andaca qarışdırır, oxuyurdum. Beləcə, Özbəkistan ailəmizin doğma anlayışına çevrilmiş, ən sevilən, dördgözlə izlədiyimiz mövzu olmuşdu. Xatirələr çoxdur, qısa kəsib deyim... ATA 1994-cü ildə dünyasını dəyişdi. O zamandan yeganə arzum onun ömrünün vəfa edib nəşr etdirə bilmədiyi monoqrafiyasını çıxarmaq, kitabını hazırlayıb məzarının üstünə götürmək oldu! Deyirdim, bircə bacara bilsəydim! Sağ olsun Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri, dostumuz Samir Abbasov, layihəni qəbul etdi və, nəhayət, 2019-cu ilin avqustunda mən Daşkəndə ezam olundum. Az sonra, Allaha şükürlər olsun, ATAnın “Azərbaycan-özbək ədəbi əlarəqələri (1920-60-cı illər)” monoqrafiyası özbək və Azərbaycan dillərində işıq üzü gördü.                                                                

Və mənim ATAnın dostları, əziz həmkarlarım, dəyərli dostlarım sayəsində Özbəkistanla təmaslarımın mütəmadi, maraqlı, faydalı dönəmi başladı!

...İndi artıq birikmiş anılarımın üzərinə yeniləri əlavə olunur, xoş, isti xatirələr çoxalır...

VƏ... artıq Özbəkistan deyəndə...həm də Daşkənddə 2021-ci ilin qızıl payızında, 22-26 oktyabr günlərində, özbək xalqının taleyüklü Prezident seçkiləri prosesində iştirakım hafizəmə silinməz izlərlə yazılmış oldu.

 

Səfərimizin məqsədi

...Özbəkistanda keçirilən Prezident seçkilərində iştirak etmək idi.

...Millət, xalq, dövlət kimi özünü çox gözəl dərk edən, mədəni identifikasiya mərhələsini çoxdan aşan bir ölkənin Prezident seçkilərinin əslində sözün məcazi və müstəqim mənalarında, qlobal anlamda bir siyasi-mədəni hadisə olduğunu nəzərə alsaq, bizim, yəni “Mədəniyyət/Culture” jurnalının və “medeniyyet.info” saytının bu tədbirdə bir müşahidəçi və infoyayım orqanı kimi iştirakı tam bəraət qazanar, yerinə düşər. Prezident seçkiləri hər bir ölkənin siyasi, mədəni varlığının, mövcudluğunun nümunəsi, müasir demokratik dünyaya inteqrasiyanın bariz göstəricisidir. Xalq nə etdiyini, nəyi və kimi  seçdiyini aydın dərk edir, öz azad iradəsini bəyan edir. Məhz belə mənzərənin şahidi olduq gələn gündən. Daşkəndə sükut günü yetişdik. Şərq üslubuna uyğun geniş, fundamental tərzdə inşa edilmiş Gənclər Sarayında təşkil olunan Mətbuat Mərkəzinin geniş Media Hollu xarici və yerli jurnalistlərlə dolu idi. Hamı çalışırdı. Daha bir salonda bütün gün ərzində mütəmadi keçirilən mətbuat konfransları, brifinqlər, müsahibələr, televiziya süjetləri hazırlayan aparıcıların dayanmadan etdiyi stəndapların, sinxronların, o biri tərəfdən müxtəlif nümayəndə heyətlərinin görüşlərinin şahidi olduq, onlara qarışdıq, hər tərəf qaynayırdı, biz soruşduq, bizdən soruşdular. Elçin, Fuad, Namiq, Anar, Nəzirə, və Təranənin ayağı yer görmürdü, birtəhər imkan edib şəkillərini çəkmişəm, özüm də onlarla birgə, hərəmiz bir işlə məşğul idik. Söz konusu, Özbəkistanın hazırkı iqtisadi durumu, yerli və xarici siyasəti, regionda yeri və mənzərəyə baxışı, qonşu Əfqanıstan mövzuları, yardımlar, və yeni inkişaf perspektivləri, ölkənin mədəni inkişafı idi. Təbii, bütün bunlar prezident seçkiləri ərəfəsində xarici jurnalistləri, dünyanın siyasi və mədəni cameəsini çox maraqlandırırdı. Seçki reqlamentinə görə 23 oktyabr tarixində bütün partiyalar öz fəaliyyətini dayandırmışdı, Ölkənin beş siyasi partiyasından namizədlər irəli sürülmüşdü. Media əhlinə Özbəkistanın çağdaş vəziyyəti və gələcək vizionu kürsülərdən yüksək rəsmilər tərəfindən anladılırdı.

   Azərbaycan nümayəndə heyəti burda iştirak edən ən çoxsaylı heyətlərdən biri idi, həm müşahidəçilər olaraq, həm də media qrupu kimi. Biz də üzərimizə düşən məsuliyyəti anlayır, informasiyalarımızı operativ və dəqiqliklə ötürməyə çalışırdıq. Artıq elə 24-ü oktyabr axşamı məlum oldu ki, seçkilərdə 16 milyondan çox əhali iştirak edib, bu da ölkənin 80,4%-i deməkdir və seçkilər baş tutub. Bir azdan məlum oldu ki, ölkə əhalisinin 80,2%-i Şövkət Mirziyayevə səs verib, bu da sürpriz olmadı. Çünki 24 oktyabrda getdiyimiz bütün məntəqələrdə səssiz-küysüz, çox səliqəli və inamlı şəkildə səs verməyə gələn insanlardan ancaq Ş.Mirziyayevin islahat tendensiyalarına rəğbət və dəstək gördük. Ş.Mirziyayevin “Geriyə yol yoxdur” sloqanı artıq dillər əzbəridır və Özbəkistanın yol xəritəsi cızılmış hesab olunur. Çox şəffaf şəraitdə, ailəlikcə gəlib səs verən vətəndaşla qarşılaşdıq. Bütün məntəqələrdə pandemiya qaydalarına riayət edən, Covid-19 əleyhinə aparılan tədbirlərə, qanunlara hörmət edən seçici ilə üz-üzə gəldik. Qeyd edim ki, bu xüsusda hazırlıqlar çox gözəl təşkil olunmuşdu, əsla bir qarışıqlığın, yaxud çaşqınlığın, pozuntunun şahidi olmadıq. Seçkilərin gedişatını 64 mindən çox xarici müşahidəçi izləyirmiş. Üstəlik, artıq yeddinci prezident seçkilərini keçirən ölkədə ilk dəfə bütün dünyanın gedişatı onlayn izləmək imkanı vardı və hər şey beynəlxalq standartlara uyğun səviyyədə idi. Seçkilərin nəticələri çoxdan məlumdur. Xalq öz seçimini etdi və bundan məmnundur. Bunları gördük. Getdiyimiz seçki məntəqələrində Azərbaycandan və Türkiyədən gələn nümayəndə heyətləri ilə də görüşdük, onlar da bir-biriylə əsl dost və həmkar kimi görüşürdülər, bəlli ki, tanış və dost idilər. Mövcud mənzərə onları da qane edirdi. Azərbaycan kökənli Türkiyəli millət vəkili Şamil Ayrımla komandamızın bəzi nümayəndələri və millət vəkillərimiz çoxdankı tanışlar,  doğma adam kimi görüşdülər, mən isə yeni tanış oldum və müsahibə üçün vədə aldım, zaman göstərər artıq! Amma belə səfərlər hər zaman yeni tanışlığın, yeni başlanğıcların təməlini qoyur və özü-özlüyündə bir peşəkar inkişaf platformasıdır desək yeri var. Onu da deyim ki, xalq Azərbaycandan gələn nümayəndə heyətini xüsusi maraq və sevgi ilə qarşılayırdı. Eşidəndə ki, Bakıdan gəlmişik, gözlər gülür, səslər doğmalaşırdı. “Biz də Bakını çox görmək istəyirik” arzularını, Böyük, Möhtəşəm Zəfərimizə görə təbriklər eşidirdik! İlk gün Zəfər əkənin adını eşidən kimi Namiq Mailovla (Zəfər əkə onu müşayiət edirdi) mənalı-mənalı baxışdıq, özü də yaxşı başa düşdü ki, buna bir rəmzi məna qatdıq! Pozitiv düşüncə və münasibətlər üçün hər bəhanə məqbuldur məncə.

   Növbəti günlərdə beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilən görüşdə Seçki komissiyasının sədri nəticələri elan etdi və beləliklə, missiya yerinə yetirildi! Biz də Azərbaycan tərəfinin uğur arzularını səsləndirdik, yazdıq, yolladıq!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

...ALO... Ləbbey... Bəli, buyurun...

 

...Kim nə deyir desin, hər bir ölkə ilk növbədə insanları- xoş sifətləri, gülər üzləri, hər zaman faydalı olmaq, qulluq göstərmək istəyi, sevimli xarakterləri ilə yadda qalır... Özbəkistanın Azərbaycandakı səfiri və əməkdaşları ilə xoş ünsiyyət ilk səfərimin sanki davamı idi mənim üçün... Artıq mədəniyyət günlərində, müxtəlif kitab təqdimatlarında, elmi çevrələrdə tez-tez görüşürük.

...Səfərqabağı görüşüb bizim Nəzirənin gözəl təbirinə görə, yeddi yoldaş -başda heyətin rəhbəri Elçin Hüseyn, Namiq Mailov, Təranə Məhərrəmova, Fuad Hüseynəliyev, Anar Əzizov, Nəzirə Nurullayeva - nəzərə alaq ki, bu adların hər birinin özünə görə sanbalı var-, və bəndəniz Zohrə Əliyeva, hər şeyi detallarına qədər müzakirə etdik.

...Artıq Özbəkistandan mənə Nilufər Mirzabəyova yazırdı....

...Assalamüəleyküm, əziz Zuhra apa! Xoş gəlirsiz Daşkəndə! Sizi müşayiət etmək şərəfi məndədir. Bilmək istərdim....

...hər şeyi də bilmək istərdi bu od parçası qız! Nə yeyirəm, nə içirəm, nəyə inanıram, nədən xoşlanıram, haraları, nələri görmək istərəm....

...Sizin üçün elə bir proqram hazırlamışam ki, bir dəqiqə vaxtınız olmayacaq...

...Ona nə şübhə... Fələyimiz kəsildi desəm, inanın...

...Hava limanında gül-çiçəklə qarşılanıb komandamızla birgə hərəkət edəcəyimizi öyrənincə onlar da - Zəfər əkə, Nilufər, Dilfuzə, Gülruxsor xanımlar, Ulugbek əkə və biz, yeddi yoldaş, vahid bir komandaya çevrildik, bütün müddəti bir yerdə olduq, elə ki, gör nə vaxtdır dönmüşük, amma onları hələ də yanımızda hiss edirik.. Nilufər də ki, bir ayrı aləm idi... işarası min dənə problem həll edəcək, evdə işləri yoluna qoyacaq, işdə müsahibə təşkil edəcək, kiməsə tapşırıq verəcək. Sonra onu kontrol edəcək, müşayiətçi qızlarla, Zəfər əkə, Uluqbəy əkə, Orifjon əkə ilə, danışacaq, könüllülərə nəzarət edəcək, hər saniyə mənimlə maraqlanacaq, ....və hər zəngə olmasa da, vaxtaşırı “ALO, LƏBBEY” deyəcək... əvvəlcə anlamadım sürətli danışıq tərzinə görə... Sonra birdən bu çox gözəl bildiyimiz “ləbbey”in... özbək leksikonunun aktivində olmazsa olmazıdır, bu iltifatdır, qonaqpərvərlikdir, adətdir, ənənədir... və üstəlik, hər kəsə də deyilməz, say-seçmələrin “ləbbey”ə layiq olduğu aydın oldu. Nə xoş halımıza ki, biz sonunculardan olduq!

...İlk növbədə İnsanlarınla sevildin, gözəl Özbəkistan!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

....Səmərqəndin günəşi

 

...o gün bizim üçün parlayırdı. Bu gəzinti qaşılayan tərəfin bizə şahanə hədiyyəsi oldu... Elə bil heç payız deyildi... Bəxtimiz gətirmişdi. Əfrasiyab sürət qatarı ilə 2 saatdan az vaxta gəlib çatdıq mənzilə. Müşayiət edənlər az qala turistlərdən çox idi... Hər arzumuza müntəzir olmaq üçün.... Əntiqə qatardır, əfsanəvi Əfrasiyab məskunluğunun adını veriblər qatara, əsl turizmçi priyomudur, tarixi həqiqətləri üzə çıxaran üsül... Şəhərin orta əsr hissəsi Əmir Teymurun heykəlindən başlayır, Əfrasiyab isə Səmərqəndin kənarında zəlzələdən sonra qədim Pompeyi xatırladan bir ərazidir. Yəni şəhər monqolların istilası zamanı darmadağın edilmiş, amma geri dönən sakinlər yeni şəhəri köhnə yerdə deyil, torpaq qayalıqların ətəyində salmışlar. Bütün yolu zarafatlaşa-zarafatlaşa gedirdik. Desəm ki, komandamızın yüksək yumor hissi və intellektual səviyyəsi məlhəm idi yorğunluğumuza... çox mütəvazö olaram, çünki hamının uyumlu müsbət enerjisi uzun yolları qısaldırdı.

...Ah, Səmərqənd, sirli, sehrli, əsrarəngiz, əfsanəvi Səmərqənd... Neçə fatehi ovsunlayan, yuxusuna haram qatan gözəl... İkinci dəfədir qonağınam, sən yenə də ilk dəfəki kimi qonaqpərvər, aydınlıq, sevimli və füsunkarsan...

...Samar kənt, samar və kamar, şamur, semer və sair versiyalarda şəhərin adının bolluq-bərəkətlə bağlılığı, müxtəlif fatehlərin onu xarabaya döndərmək istəyi, iki memarın adıymış, iki sevgilinin hekayəsiymiş kimi çoxsaylı variantlarından Səmərqəndin Səbdi bazarında yüngülvarı alış-verişin təsirindənmi, nədənmi belə qənaət yürüdə bildim ki, hər halda “səmərə” sözüylə xeyli bağlılığı var şəhərin adının... “Romeo-Cülyetta” variantı fəna deyildi... Oğlanın adı Samar, qızın adı Qənd - hara boylansan bərəkət tökülür, sonrakı əfsanələr də bunu təsdiq edir, taleyində fironluq var elə bil məkanın... Nə isə ki, düşünmək, araşdırmaq və yazmaq üçün xeyli səbəb...

 

 

 

 

 

 

 

 

Heyrət, ey büt...

Qur Əmir mavzoleyinə...

tələsirik, mütləq taxtda oturmuş heykəl Əmir Teymurun yanından ötüb keçməliyik. Bu, onun oturaq halda təsvir olunduğu ilk abidədir, dərin düşüncələrə dalan, yaratdığı böyük imperiyanın taleyini düşünən dövlət başçısı tərzi ilə... 1996-cı ildə Əmirin 660 illiyi münasibətilə ucaldılıb/

 Qur Əmir, yəni Əmirin məzarı - Əmir Teymurun möhtəşəm mavzoley-məqbərəsinin önündə əvvəlcə bir özünəgəlmə sindromu keçirir adam... İlk dəfə belə olmuşdu... Bu dəfə də belə oldu, yəqin yenə də belə olacaq... Dərindən nəfəs alıb yavaş-yavaş içəri keçir və heyranedici mənzərənin şahidi olursan...

   Orta Şərqin və Orta Asiyanın orta əsr memarlarının ən gözəl əsərlərindən olan bu abidə Hökmdar Teymur tərəfindən əslində mavzoley olmaq üçün yaradılmırdı, ən üst səviyyəli islam təhsil mərkəzi kimi düşünülürdü... Sevimli nəvəsi Məhəmməd Sultanı burada torpağa tapşırınca, sonradan, doğma şəhəri Şəhrisəbzdə məxsusi məqbərəsi artıq inşa olunsa da, 1405-ci ildə qəfildən vəfat edən Əmir Teymuru da əqrəbaları müəlliminin ayağı altında dəfn edirlər. Nəvəsi Uluqbəy məqbərənin inşasını tamamlayır da, fələk öz çirkin oyunlarından əl çəkmir: əziz Uluqbəy öz oğlu tərəfindən qətlə yetiriləndən sonra, bu yer Teymurilər şəcərəsinin əsl məzarlığına çevrilir... Bu əfsanəvi məkanda Teymur Barlas və övladları Miranşah, Şahrux, nəvələri Məhəmməd Sultan və Uluqbəy, müəllimi və ağsaqqalı Mir Seyyid Bərəkə, bu nəsildən olan daha bir neçə insan uyuyur. Mərkəzi günbəzin altında bir səkkizguşəli günbəz görünür ki, onun bayır tərəfinin Məhəmməd Peyğəmbərin ömrünə işarə edən 64 bucağı var və daha dünyanın heç bir yerində belə bir tikili yoxdur... Bircə Sankt-Peterburqda Buxara Əmirinin fitvası ilə ucaldılan məsciddən başqa...

...Abidənin möhtəşəmliyindən və anlamlı hekayəsindən riqqətə gəlməmək olmur, bu ölümsüz şəxsiyyətin miqyası önündə bütün dünya heyrətlə susur... Çünki əfsanəvi, güclü sərkərdə xarizması hər kəs üçün günü bu günədək maraqlı olduqca, zaman-zaman sərdabəyə müdaxilə edilmiş, moğol yadigarı yamyaşıl nefritdən olan sinə daşı oğurlanmış, başqa ölkələrə aparılmış, amma heç kəsə nə zənginlik, nə də xoşbəxtlik gətirməmişdir. Əbədi uyquya dalanlar rahatlıqlarının pozulmasını istəməzlər. Hələ ki Əmir Teymur kimi narahat, çılğın, qovğa-döyüş sevən, müharibələr edib böyük dövlətlər quran bir fateh ola... Ortadan ikiyə bölünən sinə daşının tarixçəsi qan dondurur: daşı taxtaltı pilləkən kimi istifadə etmək istəyən Nadir şahın başına gəlməyən qalmamış, əqrəbaları ona bu daşı yerinə qaytarmaq üçün min dil tökmüşlər, yolda düşürülən daş ikiyə bölünüb, yerində birtəhər bərpa olunubmuş. II Dünya müharibəsinin başlanğıcının mistik tarixçəsi də bu məzarın 1941-ci ildə açılıb Teymur şəcərəsini öyrənmək, onun kəlləsinin surətini çıxarmaqda məqsəd də, burda yatanların məhz Teymur nəslindən olduqlarını sübut etmək imiş... Bələdçi danışdıqca gözəl Qarabağımızın başına gətirilən müsibətlər gözümün önündən keçir, Xan qızı Natəvanın doğma torpaqdan izlərini silmək istəyən erməni barbarlarının vəhşi əməllərini düşünürəm... Amma “Bu məzarın rahatlığını pozan kəs hər iki dünyada əzab çəkəcək və gəbərəcək”... qəbirüstü epitafiyasının mistik gücünə nahaq yerə heç kəs inanmamışdı... Bu mistik xəbərdarlığa biganələr günah əməllərinə görə faciələrə sürükləndilər... Və hələ son deyil... Belə davranışda bulunanlar cəzasını çəkəcəkdir. Tanrının hikmətlərindən sual olunmaz...   

 

 

 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Möhtəşəm Registan

 

...daha da böyük heyrət hissi yaşadır insana... Ərazinin genişliyi, havanın bolluğu, abidənin miqyası, memar fikrinin orijinallığı və cəsarəti dahiyanə bir sənət hadisəsi önündə durduğumuzu deyir. Registan, yəni qumsal yer, qumsallıq. Ümumiyyətlə Şərqdə şəhərin mərkəzi meydanlarına registan deyərlərmiş. Səmərqəndin registanı orta Şərqin ən nəhəng və hazırda ən gözəl meydanlarındandır.

Deyilənə görə burada Teymurun edam hökmləri icra olunarmış və meydana qumlu torpaq tökərlərmiş ki, qan izlərini hopdurub yox etsin. Zaman-zaman meydan gah ticarət, gah əyləncə yeri kimi mahiyyətini dəyişər, ipək yolu karvanlarının əylədiyi yer olarmış. Sahibkiranın ölümündən bir qədər sonra nəvəsi Uluqbəy burada bir mədrəsə tikmək qərarına gəlir ki, dövrünün ən böyük elm, təhsil və tədris ocaqlarından biri olur. XV-XVI əsrin bu möhtəşəm abidəsi daha sonra yenə bir universitet binası, bir neçə ildən sonra isə daha biri ilə qoşalaşır. İkinci Şerdor mədrəsəsi Uluqbəy mədrəsəsinin birə-bir təkrarı kimi düşünülsə də, memarın ilk baxışda əsla sezilməyəcək səhvi üzündən buna tamamən nail olunmamışdır. Nə isə ki, o zamanın memarlarının səhvi də abidələrin bu günümüzə gəlib çıxmasına bir əngəl ola bilməmişdir, biri elə Piza qülləsi...

   Şerdor - yəni şirlər məkanı - adı Teymurun Barlas təxəllüsünə işarədir, yəni şir ürəkli, Barlaslar qövmündən imiş Teymur ki, ona nə şübhə, sonradan Səmərqəndin gerbində də bu elementlər yer alıb. Növbəti Till-Kari mədrəsəsinin bütün günbəzləri isə tamamən qızıl suyu ilə işləndiyinə görə bu adı almışdır. Heç şübhəsiz ki, orta əsr Şərq memarlığının tacı sayılan belə möhtəşəm abidə ilə özbək vətəndaş fəxr edir. Bu meydanın daha bir adı Universitet meydanıdır və hazırda da öz ilkin mahiyyətinə xidmətdədir: böyük mərasimlər, nümayişlər, konsertlər, məşhur “Şərq təranələri” kimi müsabiqə-festivallar, dövlət əhəmiyyətli tədbirlər məhz bu yerdə keçirilir.

...Məkan insanı ayrılmağa qoymur, elə bir cazibə qüvvəsi var ki, gözünü onun göylərə ucalan minarələrindən, mas-mavi günbəzlərinin müqəddəs ayələr pıçıldayan ornamentlərindən, xəttat məharətindən çəkə bilmirsən. İnsan təfəkkürünün aliliyinə, zəhmətinin və istedadının gücünə ithaf olunan bir himndir Registan! O maviliyin içində Tanrıya təzimə gəlirsən....

Heyrət, ey büt!

 

 

 

 

 

 

 

Xoca Daniyar məqbərəsini

 

ilk səfərimdə ziyarət edə bilməmişdim, qismət bu günə imiş...

...Şəhərdən bir az kənarda, Qədim Əfrasiyab yüksəkliyinin şimalında, Siab çayının kənarında, (onu da deyim ki, Özbəkistanda dəniz yoxdur, amma bol sulu çayları var, bəzən lazım olanda çayların axarını dəyişir və xalqın mənfəəti üçün istifadə edirlər), hər üç dinin - müsəlmanlığın, xristianlığın və yəhudiliyin peyğəmbəri hesab olunan Xoca Daniyar məqbərəsi salınıb. Deyilənə görə XVII əsrin abidəsidir, amma XX əsrin 90-cı illərində bərpa olunub. Hekayəsi uzundur. Biz onun Fateh Teymurla bağlı məqamından desək, Əmirin İranın Suz şəhərindən guya peyğəmbərin sağ qolunun şəhərə bolluq, bərəkət, məkanın himayəçisi adıynan gətirdiyi iddia olunur. Indiyədək bunun doğruluğu sübüt olunmasa da, dünyanın hər yerindən ziyarətçilər axışır buralara və Daniyar peyğəmbərdən imdad istəyir.

   Məqbərənin ətrafı qum qayalıqlarının üçində salınan kiçik taxta qapılı çiləxanalardır. Deyilənə görə Zərdüşt davamçıları da ara-sıra buralara yollarını salar, çiləxanalarda günahlarını yuyurlar... Həyətində bir püstə ağacı var. Quruyubmuş, amma nə möcüzə isə Rusiya patriarxı II Aleksinin bura gəlişi zamanı ağacı müqəddəs su ilə təmizləmə ritualından sonra canlanıb. Sakinlərin özləri də təəccüblə onun yenidən pöhrələdiyinin şahidi olublar. Ağacın gövdəsi ziyarətçilərin tumarından işım-işım işıldayır, amma dilək parçaları bağlamaq yasaqmış... Hamı xoşbəxt olmaq istəyir...

Ümumiyyətlə ziyarətgahın çox böyük ərazisi var. Həyətindəki bulaq da guya tərkində Xoca Daniyarın qolunu gətirən atın ayağının zərbindən fışqıran bulaqdır ki, suyu zəmzəm suyu kimi şəfalıymış. Əmir də bunun bir işarə olduğunu hesab edər və məhz atın duruxub qaldığı yerdə məqbərənin salınmasına qərar verər. Bizim Təranə o sudan almamış dönmədi....

   Qol basdırılan məkan isə az qala 18-20 metr uzunluğunda qəbirdir. Deyir şəhər əmin-amanlıqda olanda qol hey uzanırmız. O üzdən bu hissə tez-tez restavrasiya olunur. O hesabla bu qol haracan uzanacaq onu Allah bilir, çünki Səmərqənd çiçəkləməkdə davam edir. Elə bələdçidən soruşanda ki, Xocanın şəhərin himayəçisi olduğu necə anlaşılır, dedi mən könlümdən nə keçirsə gəlib istəyirəm, o da verir. Tanrının hikmətindən sual olunmaz!

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Konigil” kagız fabrikində...

həmkarlarımız yeni ixtisas öyrənmək yolunda xeyli müvəffəq oldular. Yaşıllıqlar içində salınan bu qədim etnoqrafik məkanda istehsal olunan ipək kağızın hazırlanma texnologiyasını hamımız bərabər müşahidə etdikdən, su dəyirmanına müştəri gözüynən baxdıqdan sonra qətiyyətlə tut yarpaqlarından hazırlanıb taxta müstəvi üzərinə qoyulan məhlulu bəzi dostlar əməllicə preslədi və nəticədə perqamentə bənzəyən qəşəng bir kətan alındı. Belə kağıza tut yarpaqlarından və ipəkqurdunun qarışığından alındığı üçün səmərqəndlilər ipək kağız deyirlər. Çox keyfiyyətli, üstündə yazılıb-cizilənləri əsrlərlə saxlaya biləcək ipək kağız çox qiyməlli bir məhsuldur, biz də dostları bu gözəl ixtisasa yiyələndikləri üçün təbrik elədik ki, çörəksiz qalmadıq, xüsusilə Özbəkistan kimi çörəkli yerdə, dəyərli həmkarlar, press elə pressdir də, sizin kimi ağır artilleriya üçün ha kağız, ha qələm, ha dəzgah ....

 

 

 

 

 

 

 

 

 

 

 

 

Daşkənd

...bizi gözləyirdi... Missiyamızla bağlı prosedur işlərini bitirəndən sonra şəhərə gəzməyə çıxdıq... və bir daha Əmir Teymur kultunun nə qədər güclü olduğunu gördük.

...Məşhur özbək qonaqpərvərliyinin daha bir sübutu olan nahardan sonra Zərəfşan meydanı boyu irəlilədikcə bizim Nizami küçəsi mahiyyətli xiyabanda Sərkərdə Teymurun at üstündə güzar etdyini gördük. Bu heykəl də 1996-cı ildə ucaldılıb və postamentində 6 dildə “Güc ədalətdədir” sözləri həkk olunub. Bu məqamda yenə də zatən unudulmayan Qarabağ müharibəsi yadımıza düşür və bəli, “güc ədalətdədir” deyirik. Geniş xiyabanlar, qızıl payız, ətrafda dostlar və minillik tarix... Bizi Teymurilər Dövlət Tarixi Muzeyinə doğru aparır... Xalq arasında sadəcə Əmir Teymur muzeyinə... Şərq memarlığına sadiq bir inşanın önündə, fontanlarla əhatə olunan dairəvi binaya daxil oluruq. Təkcə elə çilçırağı 8,5 metr olan mərmər binanın divar və tavanlarda Əmirin həyatını alleqoriyalarla nəql edən təsvirlər var. İlk Osman Quranını, Teymur Sahibkiran (xoşbəxt ulduz altında doğulan - Əmirin çoxsaylı təxəllüslərindən biridir) şəxsiyyətini, müasirlərini, dövrünü öyrənən tədqiqatçıların üçmərtəbəli elm ocağı bütün dünyada Əmir Teymurla bağlı aparılan axtarışlar, çəkilən rəsmlər, yazılan kitablar, ucaldılan heykəllər, şəninə yazılan nəğmələr, adına tikilən binalar, dünya muzeylərində saxlanan raritetlər, şəxsi əşyaları, o zamanın qalıqları, nə varsa bütün hər şey haqqında məlumat mərkəzinə bənzəyir... Hərçənd ki, bir çox eksponatlar orijinalların surətidir, çünki mədəni Avropa bu əfsanəvi sərkərdəyə məxsus olan bir çox nadir əşyaları hələ də öz muzeylərində saxlayır. Avropanın Teymurun İmperator imicinə marağı ta Rembrantdan mirasdır oraların sənətkarlarına. Bir neçə Azərbaycan muzeylərində və Ermitajdakı eksponatların orijinallarının şəkilləri də yer alıb ekspozisiyada. Teymur irsi barədə bilgilərimiz bələdçilərimizi təəccübləndirir nədənsə, amma biz türkçülük sevdalısıyıq, toplaşmışıq! Böyük Turan xəyalından vaz keçmədik, bu günlərin hadisələri fortunanın, Sahibkiran Teymurun sevdiyi şətrənc oyunlarındakı kimi, məhz belə gedişindən məmnun olduğunu göstərir. Muzeyi gəzdikcə Əmirin öz şəhərlərini abadlaşdırmaq, möhtəşəm saraylar və mədrəsələr tikdirmək, heykəllər ucaltmaq, xəttatlıq nümunələri yaratmaqdan ötrü Orta Asiyaya Azərbaycanın ən gözəl memarlarını, rəssamlarını, xəttatlarını gətirdiyini xatırladıq. Bu yerdə o da yadıma düşdü ki, Özbəkistan parlamentini dövrələyən təbiət qoynundakı “Ədiblər Xiyabanı”nda (Panteonda) xalqın bütün şair və yazıçılarının heykəlləri var, ilk gəlişimdə ziyarət etmişdim. Fəvvarələr, yaşıllıqlarla dolu böyük ərazini əhatə edən bu cənnətməkan guşənin ən uca nöqtəsində ölməz Nizami Gəncəvidən ilhamlanıb “Xəmsə” silsiləsini ilk dəfə olaraq cığatay türkcəsində qələmə alan Əlişir Nəvainin heykəli azərbaycanlı heykəltəraş Fuad Əbdürrəhmanova məxsusdur. Iki xalqın dostluğuna bundan gözəl nə sübut olsun ki.... Bu yerdə Xiyabanda heykəli olan Maqsud Şeyxzadə də necə yada düşməsin axı...İki xalqın bir oğlu... Ədəbiyyat və sənət hər zaman xalqları və millətləri birləşdirir, o ki ola türk qövmünə aiddirsə... Muzeydən “Güc ədalətdədir” təəssüratıyla ayrılırıq və...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Host İmam...

məbədgah kompleksinə, Daşkəndin zəlzələyə dözüb bu günlərə çatan qədim hissəsinə yollanırıq. Kompleks bir neçə məscid və mədrəsədən ibarətdir. Ölkənin bir neçə dini qurumu bu abidənin ərazisində yaxud da yaxınlığındadır. Abidəyə bütün dünya müsəlmanları tərəfindən sitayişə gələnlər var. Yenə də çox geniş ərazidə möhtəşəm mavilərə bürünən uca minarələr, Quran ayələrinin həkk olunduğu ucalıqlar, taxta inkrustasiyalı qapılar arxasındakı kiçik xanəgahlar, süfilərin yaşadığı hücrələr, adları tamam Orta Şərq dünyasında ehtiramla anılan şəxsiyyətlərin ruhu sarır insanı... Girəcəkdəki ağacın qıpqırmızı kiçicik meyvələri çaytikanı kolunun meyvələrini xatırladır, yeməlidir deyirlər, üstəlik hətta xöşbəxtlik gətirirmiş... Bütün dünya da xoşbəxtlik axtarışında bura axışırmış... Mavzoley ət Təbərinin şagirdi, 72 dil bilən, xalq tərəfindən elminə, müdrikliyinə, və gözəl qıfıl ustası olduğuna görə “kaffal” ləqəbi qazanan möhtərəm Əbu Bəkr Kaffal Şaşiyə ithafən və onun qəbri üzərində salınıb. Həzrət İmam Məqbərəsinə xalq arasında Host İmam, yəni Böyük İmam  deyilir. Həyətindəki baş məsciddə yeganə və ilk Osman Quranının orijinalı saxlanır ki, 2000-ci ildə UNESCO-da bir çox dünya alimlərinin tədqiqatlarından sonra təsdiq edilib. Bu təkrarsız nüsxənin öz səyahət tarixi uzun hekayədir, bircə onu deyim ki, Mədinədən Dəməşqə və Bağdada, oradan Teymur tərəfindən Səmərqəndə, əslini təyin etmək üçün Sank-Peterburqa, sonra nədənsə Ufaya gətirilib, və nəhayət, Daşkəndə qaytarılıb. Burada müqəddəs kitabın şəklini çəkmək yasaqdır. Haqlıdırlar da, çünki bizə çatdırılanları sonrakı nəsillərə ötürmək də bizim borcumuzdur! Bilmirəm, məqamın emosionallığından idi yəqin, göz yaşlarımı saxlaya bilmirdim, ağlımdan Azərbaycanımızın başına gətirilən müsibətlər keçdi - mən də dua etdim hamı kimi... Uca Tanrım, hikmətindən sual olunmaz, qoru bizi, qoru insanlığı, qoru millətimi, qucağını bizə açan dost məmləkəti, bizi sevənləri, bütün sülhsevər bəşəriyyəti! Hər kəs mənə qoşuldu, bərabər edilən dualar məqbuldur deyirlər... Amin!!! Zatən bütün səfər boyu getdiyimiz bütün məkanlarda sürəkli dua ovqatında idik, bu da kulminasiya...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Diydor” Teatr-studiyasında

...keçirilən görüşümüzü qonaq edən tərəfin yüksək nəzakət, səmimiyyət, bütün deyə biləcəyim iltifatların toplumu hesab edirəm. Nədən ki, dost ölkədə gəlib öz xalqının sənət nümunəsini görmək adi xoş münasibətin fövqündə duran, üstəlik bu qədər yüksək səviyyədə, bütün dediyim və demədiyim təriflərə layiq bir hərəkətdir. Bu qonağına, onun incəsənətinə, tarixinə, musiqisinə, sənət adamlarına, Türk dünyasının böyük bəstəkarı azərbaycanlı Üzeyir Hacıbəyliyə olan sayğı, hörmət və ehtiramdır.

   Kiçik bir məkana dünyanı sığışdırmışdı bu truppa. Mənə bizim “YUĞ” teatrını və ustad Vaqif İbrahimoğlunu xatırlatdı məkan da, tamaşanın yozumu da, ekspressiv, tapıntılar və improvizələrlə dolu tərzi ilə də. Az qala tamaşaçıları da oynadalar operettada ki, şəxsən özümə Gülnaza elçilik etdirdilər. Onu da deyim, alındı ha, Gülnaz “Hə” dedi... gözəl səslər, gözəl ifalar, istedadlı gənc aktyorlar kimi elə gənc də tamaşaçılar, simvolik NAR, gülüşlər qaynar, gözlər parlar, çalar tarlar, hər kəs oxuyar... prinsipi ilə hazırlanmış bir zövqü oxşar əsər... Azərbaycanı çox gözəl tanıyan və sevən mərhum Bahadur Yoldaşevin yaratdığı “Diydor”, yəni bir mənası görüş, o biri isə sima, obraz olan teatr-studiya bütün Özbəkistanda bu tamaşanı göstərib, sevdirib və yaşatmaqda davam edir. Yanımda oturan Gülruxsor elə Gülnaz kimi ariyaları əzbərdən oxuyurdu, əla da səsi var...

   Simvolik adı varmış teatrın - görüşdük, baxdıq, sevdik, tanıdıq... heyf ki, ölkənin bir çox dövlət tədbirlərinə, o cümlədən “Şərq təranələri” festivalına mütəmadi rejissorluq edən Özbəkistanın Əməkdar incəsənət xadimi, Xalq artisti Bahadur Yoldaşev 2021-ci ilin mayında dünyasını dəyişib. O, 1946-ci il təvəllüdlü, stajını məşhur rejissor Tovstonoqovun, yəni ömrünün yarısını Bakıda yaşayan bir sənətkarın yanında keçən istedadlı özbək aktyoru, rejissoru və ictimai xadimidir. Yaratdığı işlər o qədər sevilir ki, ölkə rəhbərliyi onun üçün məxsusi teatr-studiya açmağa qərar verib. Bura özbək kinematoqrafiyası, teatrı üçün yeni kadrlar hazırlayan məktəb missiyasını da daşıyır deyə bilərik. Yüksək əhval-ruhiyyə ilə hamılıqla truppanı təbrik etdik və vidalaşdıq...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hələlik, Özbəkistan,

 

...hələlik sevimli Daşkənd.... Qoynundakı 3-4 gün belə səni sevmək üçün kifayət etdi... Aramızdakıların səndə qalmaq istəyinə nə deyirsən, gözəl şəhər!? Sən artıq təkrar dünyanın mərkəzinə çevrilirsən, yenə də İpək yolu ənənələri özünə qayıdır, qədirbilən xalqın, millətin, yetişkin başlarının, yeni və yenidən seçilən Prezidentinin gözəl planları var sənin üçün. Eşitdim ki, səni çox qorumaq istəyir, o nurlu simana xələl gəlməsin istəyir. Nə gözəl! Özünü qoru, geniş prospektlərini, təmiz küçələrini, mənim üçün yalnız Özbəkistanda içilməsi mümkün olan o ləzzətli qaynar yaşıl çayını... Qədirbilən aydınların, qonaqpərvər insanların sərvətindir, sənə əmanət!

   Biz Daşkənddən dönəli xeyli var, toparlanıb indi yazıram, amma nələr olmadı bu müddətdə! Səni Türksoy sıralarında, Türk Dövlətləri Birliyində Azərbaycan və Türkiyə ilə yanaşı görmək nə böyük səadət! Hələ Azərbaycanın müqəddəs savaşı dönəmində, sülh quruculuğu işlərində yanımızda olmaq istəyin nə ləyaqətli bir addımdır! Sən bizə təkcə özünü deyil, həm də bir daha bir-birimizi sevdirdin, çünki dostlar səfərdə tanınar! Mənim dəyərli dostlarıma görə də sənə təşəkkür edirəm, dostum Daşkənd! Səni bir daha sevdik, gözəl ölkə Özbəkistan!! Mülayim payızınla, qızılı xəzəlinlə, isti insanlarınla, dadlı, ləzzətli yeməklərinlə, qədim tarixinlə və işıqlı gələcəyinlə! Sevgidən və birlikdən böyük qüvvə yoxdur! Türk dünyasına birlik yaraşır! Biz birlikdə güclüyük! Hələ sırada Buxara, Xivə, Xarəzm, Şəhrisəbz və daha nələr var görməli! Bizi unutma, biz səni umutmarıq ,əziz diyar!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Zöhrə Əliyeva,

Bakı-Daşkənd-Səmərqənd-Daşkənd-BaKI, 2021


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)