Məşhur amerikalı müğənni Barry Manilou səhnəyə fasilə verir

Məşhur amerikalı müğənni Barry Manilou səhnəyə fasilə verir

0 rəylər

Məşhur amerikalı müğənni Barry Manilou onkoloji diaqnoz səbəbindən konsert fəaliyyətinə müvəqqəti fasilə verdiyini açıqlayıb. O, bu barədə Instagram hesabında pərəstişkarlarına müraciət edərək məlumat verib.

Manilounun sözlərinə görə, altı həftə davam edən bronxitdən sonra həkimlər onu kompüter tomoqrafiyasına göndəriblər və müayinə zamanı sol ağciyərində xərçəng törəməsi aşkar olunub:

“Sol ağciyərimdə çıxarılması zəruri olan xərçəng törəməsi tapılıb”, — deyə sənətçi yazıb.

Müğənni vurğulayıb ki, xəstəlik erkən mərhələdə aşkarlanıb və bu da müalicənin uğurlu olacağına dair ümidləri artırır. Bu səbəbdən yanvar ayına planlaşdırılan bütün konsertlər rəsmi şəkildə ləğv edilib.

Diaqnozun ciddiliyinə baxmayaraq, Barry Manilou optimist əhval-ruhiyyədədir və səhnədən uzun müddət uzaq qalmaq niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, fevral ayında konsert fəaliyyətini bərpa etməyi və Las-Veqasda möhtəşəm şou ilə geri dönməyi planlaşdırır.

Qeyd edək ki, Barry Manilou 1970–80-ci illərin pop musiqisinin ən parlaq simalarından biri hesab olunur. Onun adı disko dövrünün qızıl çağı və dünya şöhrətli “Copacabana” hiti ilə sıx bağlıdır. Uzun illər davam edən karyerası ərzində müğənni “Grammy” və “Emmy” mükafatlarına layiq görülüb və dünyada milyonlarla platin disk satıb.

medeniyyet.info. 


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)