Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub

Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub

0 rəylər

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub. Mədəniyyət Nazirliyinin italyan mütəxəssislərlə sıx əməkdaşlığı nəticəsində ərsəyə gələn kompleksin ilkin konsepsiya layihəsi barədə dövlət başçısına ətraflı məlumat verildi.

Xarici mütəxəssislərin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfəri zamanı buradakı dağıntılar lentə alınmışdır. Ölkəmizdə, həmçinin ABŞ-ın Nyu-York şəhərində nümayiş etdirilən işğaldan azad olunmuş ərazilərimizin fotoşəkillərindən ibarət “Agdam delenda est” adlı sərginin kataloqu və bu sərgidə nümayiş olunmuş bir ədəd fotoşəkil dövlət başçısına hədiyyə edildi.

Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaqdır. Kompleks üçün nəzərdə tutulan ərazi köhnə şəhər qəbiristanlığı olan təpənin ətəyində yerləşir. Bu da kompleksə daxil olan muzeylər şəhərin hər bir tərəfindən aydın şəkildə görünməsinə imkan yaradır. Kompleksə ayrılan ərazi köhnə şəhər qəbiristanlığı boyunca uzanaraq təbii şəkildə iki hissəyə ayrılır. Sol hissədə Zəfər Muzeyi, sağda isə İşğal Muzeyi yerləşəcəkdir. Mərkəzi hissədə monumental pilləkənlər ziyarətçiləri köhnə şəhər qəbiristanlığına doğru aparacaqdır. Panoramik mənzərəyə malik bu nöqtədən muzeylərə aparan bir neçə istiqamətdə yol olacaqdır.

Kompleksin dizaynı Kəlbəcərin özünəməxsus təbii landşaftı ilə harmoniya təşkil edəcəkdir. Hər iki muzey Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən Şanlı Ordumuzun 44-günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edən, beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü bərpa etməyə nail olmuş Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaqdır.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)