Xüsusi müxbirin özbək dilinə tərcümə etdiyi kitabların təqdimatı keçirilib

Xüsusi müxbirin özbək dilinə tərcümə etdiyi kitabların təqdimatı keçirilib

0 rəylər

Oktyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə xüsusi müxbiri Qulu Kəngərlinin Daşkənddə Azərbaycan şair və yazıçılarının, alimlərinin özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı keçirilib.

Medeniyyet.info AZƏRTAC-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Əməkdar Jurnalist Tahir Aydınoğlu Qulu Kəngərlinin keçdiyi həyat yoluna və yaradıcılığına nəzər salıb.

Bildirib ki, Azərbaycanın beynəlxalq jurnalistikasında öz dəst-xətti ilə seçilən Q.Kəngərli peşəkar media mənsublarından biri kimi bu sahədə uzun illərdir fəaliyyət göstərir. O, jurnalist kimi bir çox ilklərə imza atıb. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük əmək sərf edib. Qulu Kəngərli həm də yaradıcı insandır. Onun zəhməti hesabına Azərbaycan ədiblərinin əsərləri Daşkənddə özbək dilində çap olunub. Beləliklə, bu dildə 17 kitab işıq üzü görüb. Bu nəşrlərin tərtibçisi kimi onun əməyi böyükdür. Bu işlərin, sözsüz ki, reallığa çevrilməsində Q.Kəngərlinin çalışdığı AZƏRTAC-ın da böyük rolu var.

Qeyd edilib ki, Qulu Kəngərli 1990-cı il 20 Yanvar faciəsindən sonra “Şəhidlər”, “Şəhidlər-2” bukletlərini çap etdirib. 1991-ci ildə Azərbaycan və rus dillərində “Qanlı Yanvar şəhidləri” kitabı işıq üzü görüb. Bundan sonra “Erməni lobbisi: Azərbaycan faciəsi”, “Qanlı şənbəyə gedən yol” kitabları çap olunub. 1991-ci ildə onun ssenarisi əsasında 20 Yanvar faciəsindən bəhs edən “Bakıda insan ovu” sənədli filmi çəkilib. Diqqətə çatdırılıb ki, Özbəkistanda yaşadığı ilk günlərdən azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar materiallar yazıb və Daşkənddə onun ssenarisi əsasında “Sürgün” sənədli filmi çəkilib. Hazırda Orta Asiyada yaşayan tanınmış azərbaycanlıların həyatı və fəaliyyəti ilə bağlı kitab üzərində işləyir.

Tədbirdə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov Q.Kəngərlinin gördüyü işləri yüksək qiymətləndirib. Onun özbək dilinə tərcümə etdirdiyi kitablar Azərbaycanın tanınması baxımından müstəsna rol oynayır.