Xalq artisti Rafiq Hüseynov Almaniyada vəfat edib

Xalq artisti Rafiq Hüseynov Almaniyada vəfat edib

0 rəylər

Xalq artisti Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib. Medeniyyet.info xəbər verir ki, bu barədə APA-ya açıqlamasında xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. O bildirib ki, R. Hüseynov müalicə aldığı Düsseldorf şəhərindəki klinikada vəfat edib:

“Həkimlər əllərindən gələni etdilər, amma həyata qayıtması mümkün olmadı. Oktyabrın 26-da dünyasını dəyişdi. Mən dövlət qurumlarından xahiş etdim ki, heç kimə deməsinlər. Çünki qızım bu xəbəri mətbuatdan oxusaydı, ona çətin olacaqdı. İlk sizə deyirəm, indi yaya bilərsiniz. Artıq qızımı psixoloji cəhətdən hazırlamışam. Heç nə danışa bilmədim Rafiqlə. Səsimi eşidirdi, gözünü açırdı, amma danışa bilmirdi. Komaya düşən kimi ürəyi dayandı. Həkimlər dedilər ki, ağ ciyərin funksiyasını bərpa etmək mümkün olmadı”. 

S. Hüseynova əlavə edib ki, R. Hüseynovun cənazəsi iki günə Bakıya gətiriləcək: “Almaniyadakı konsulluğumuz bu işlə məşğuldur. Hər şey dövlət tərəfindən yüksək səviyyədə təşkil olunacaq”. Qeyd edək ki, R. Hüseynov 1946-cı ildə Şuşada anadan olub. Ağciyər xərçəngindən əziyyət çəkən diktor daha əvvəl Türkiyədə əməliyyat olunub, kimyaterapiya müalicəsi alıb.

Medeniyyet.info olaraq sevimli və hörmətli əvəzsiz telesima və şəxsiyyətə "əlvida" demək məcburiyyətində qalan bizlərə Allahdan səbr, Rafiq müəllimə yerinin behişt olmağını diləyirik. 

Allah rəhmət eləsin!

Samirə