Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yubiley komissiyasının iclası keçirildi

Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yubiley komissiyasının iclası keçirildi

0 rəylər

Medeniyyet.info xəbər verir ki, iyulun 14-də Milli Kitabxanada mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planının layihəsi müzakirə olunub.

Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamına əsasən hazırlanan Tədbirlər Planının layihəsinin müzakirəsində Nazirlər Kabinetinin, nazirliklərin, komitələrin və digər qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən nazir Əbülfəs Qarayev Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamına uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı tədbirlər planı haqqında məlumat verdi. Bildirdi ki, bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı ümumi koordinasiya Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.

Qeyd olundu ki, Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir. Bu hadisə təkcə dövlət quruculuğunu əks etdirmir, həm də Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir. Dövlət başçısının sərəncamında da milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi vurğulanır. Azərbaycan Respublikasının Milli Məclisinə Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi də tövsiyə edilir.

Nazir diqqətə çatdırdı ki, yubiley tədbirinin keçirilməsi ilə bağlı qarşımızda böyük məqsədlər dayanır. Yubiley tədbirləri ilə bağlı komissiyaya 200-dək təklif təqdim olunub və bunlardan yüz layihə qəbul edilib. Təqdim edilən layihələrlə bağlı bütün sənədlər bu ayın sonuna kimi hazırlanıb müvafiq dövlət strukturlarına təqdim edilməlidir. Bu tədbirlərin vaxt bölgüsü nazirliklər arasında dəqiqləşdirilməlidir ki, bu da tədbirlərin daha keyfiyyətli keçirilməsinə şərait yaradacaq. Həm beynəlxalq, həm də ölkədaxili tədbirlərdə dövlət quruculuğu ənənələrinin inkişafına xidmət edən məqamlar ön plana çəkilməlidir. Azərbaycanın bugünkü inkişaf mənzərəsi və tarixi köklərə söykənən dövlətçilik ənənələri əsas götürülməlidir. Bu tədbirlərə cavabdeh dövlət strukturları Azərbaycanın dövlətçilik imicini layiqincə təqdim etməlidirlər. Ölkəmizin əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq qurumlarda, o cümlədən BMT, UNESCO, İSESCO və digər təşkilatlarda təqdimatlar və layihələr gerçəkləşməli, Azərbaycanın dövlətçilik tarixi təbliğ edilməlidir. Cümhuriyyətin yubileyi ilə bağlı bütün tarixi məqamlar geniş şəkildə həm yerli, həm də xarici ictimaiyyətin nəzərinə çatdırılmalıdır.

Sonra Tədbirlər Planının layihəsi ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Nazirlər Kabinetinin humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov, maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, xarici işlər nazirinin müavini Xələf Xələfov, ədliyyə nazirinin müavini Məhərrəm Əliyev, təhsil nazirinin müavini Mətin Eynullayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev və Azərtacın baş direktorunun müavini Dağbəyi İsmayılov Tədbirlər Planının layihəsi ilə bağlı təkliflərini bildiriblər. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı nəinki ölkə daxilində, eləcə də bütün dünyada və aparıcı beynəlxalq qurumlar çərçivəsində müxtəlif mövzularda tədbirlər keçiriləcək, kitablar nəşr olunacaq, sənədli filmlər çəkiləcək. Bu əlamətdar tarix ilə bağlı müxtəlif dillərdə ümumi bir saytın yaradılması və bütün foto və videomaterialların, xəbərlərin burada yerləşdirilməsi də təklif olunub.

Samirə