“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub

“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub

0 rəylər

Beynəlxalq Muğam Mərkəzi (BMM) və Avrasiya Xalqları Assambleyası (AXA) arasında “Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində onlayn videokonfrans təşkil edilib.

Konfrans Avrasiya Xalqları Assambleyasının təşəbbüsü ilə reallaşıb.

Videokonfransda ilk olaraq, BMM-nin fəaliyyət və yaranma tarixini, habelə BMM ilə AXA arasında əlaqələri əks etdirən videoçarx təqdim olunub. Hər iki nümunə təşkilatların qarşılıqlı əlaqələrinin daha dolğun təqdimatı məqsədilə hazırlanıb. Videokonfransda Assambleya ilə əməkdaşlığın gələcək planları və birgə layihələrin təşkili də müzakirə olunub.

Konfrans Lyubov Yolkinanın moderatorluğu ilə keçirilib.

BMM-in direktoru Murad Hüseynova çıxış edərək rəhbəri olduğu qurumun yaradılması tarixindən, fəaliyyətindən və ölkəmizdə muğam sənətinə göstərilən dövlət qayğısından söz açıb. Regionlarda inşa edilən muğam mərkəzləri haqqında məlumat verib. Bir saatdan artıq davam edən konfrans zamanı Murad Hüseynov, həmçinin BMM-nin genişmiqyaslı layihələri, beynəlxalq əlaqələri, habelə milli musiqimiz, milli alətlərimiz haqqında məlumatı diqqətə çatdırıb.

Avrasiya Xalqları Assambleyasının baş katibinin birinci müavini Svetlana Smirnova çıxışı zamanı ötən il Azərbaycanda təşkil edilən Avrasiya Xalqları Assambleyası günlərinin yüksək səviyyədə təşkilinə görə, Azərbaycan dövlətinə bir daha minnətdarlığını ifadə edib. Həmin mötəbər tədbir çərçivəsində BMM-də təşkil edilən görüşləri vurğulayaraq qonaqpərvərliyə görə, təşəkkürünü bildirib. BMM-də qarşılıqlı əməkdaşlığa dair sazişin imzalanması və Avrasiya məkanında mədəniyyətlərarası əməkdaşlıq” mövzusunda dəyirmi masada müzakirə edilən məsələlərin aktuallığını vurğulayıb.

Assambleyanın Beynəlxalq Mədəni Əməkdaşlıq Şurasının sədri Elmira Şerbakova yenidən Bakıda olacaqlarına, qarşılıqlı layihələrin gerçəkləşəcəyinə ümidvar olduğunu bildirib. Konfransda BMM-ilə birlikdə Avrasiya xalqlarının zəngin mədəni irsinin təbliği, mədəniyyət və incəsənət ustaları arasında yaradıcı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. BMM-nin direktoru bildirib ki, qarşılıqlı əlaqələr xalqların mədəniyyətinin qarşılıqlı zənginləşməsinə kömək edir, peşəkar ünsiyyət imkanlarını genişləndirir, ortaq mədəni dəyərlərin bərqərar olmasına şərait yaradır.

Konfransda, həmçinin professor, AMEA-nın musiqi folkloru şöbəsinin müdiri Nailə Rəhimbəyli çıxış edərək milli musiqimiz, folklor nümunələrimiz, muğam sənəti və BMM-nin elmi-nəzəri araşdırmaları, BMM-nin layihələr üzrə meneceri , Avrasiya Televiziya və Radiosu Akademiyasının akademiki Arzu Qulamov BMM-nin yeni fəalliyyət istiqamətləri mövzusunda fikirlərini bölüşüblər.

Konfrans birgə əməkdaşlıın perspektivləri mövzusunda müzakirlərlə davam edib.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi bir sıra xarici ölkələrin qurumları və mədəni təşkilatları ilə beynəlxalq əlaqələrini fəal şəkildə genişləndirir. Gələcəkdə mərkəz tərəfindən keçirilən müxtəlif növ mədəni tədbirlərin inkişafı - mühazirələr və onlayn layihələr, beynəlxalq onlayn konfransların təşkili nəzərdə tutulub. 


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)