Səsini ilk dəfə qrammofon valına yazdırmış ilk azərbaycanlı qadın xanəndə

Səsini ilk dəfə qrammofon valına yazdırmış ilk azərbaycanlı qadın xanəndə

0 rəylər

Mayın 13-də Beynəlxalq Muğam Mərkəzində muğam sənətimizin elmi-nəzəri və praktiki məsələlərinin müzakirə olunduğu “Dəyirmi masa” layihəsi çərçivəsində səsini ilk dəfə 1914-cü ildə Kiyevdə “Monarch-Record” studiyasında qrammofon valına yazdırmış ilk Azərbaycan qadın xanəndəsi, uzun illər unudulan Mirzə Güllər haqqında tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə alimlər, musiqişünaslar Mirzə Güllərin keşməkeşli həyatından və yaradıcılığından bəhs edilib.

Layihənin rəhbəri Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti, professor Murad Hüseynov, koordinatoru isə filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlıdır.

Tədbiri açan layihənin koordinatoru Gülhüseyn Kazımlı xanəndə Mirzə Güllərin həyatı və yaradıcılığı barədə iştirakçıları məlumatlandırıb. "Mənbələrdə Mirzə Güllərin 2 səs yazısının olduğu qeyd edilirdi. Lakin tədbirin hazırlandığı ərəfədə Dövlət Səs Yazıları Arxivində Mirzə Güllərin daha 2 səs yazısı aşkar edilib. Bunlar onun oxuduğu, 1914-cü ildə Kiyevin “Monarx-Rekord” səsyazma studiyasında vala köçürülmüş “Kürdü-Şahnaz” muğamı və “Gəl görüm, gəl görüm kimin yarısan” xalq mahnısıdır. Bunlar Azərbaycan muğam sənətinin tədqiqi sahəsində çox mühüm tapıntılardır. Beləliklə xanəndənin 2 valda 4 səs yazısı qorunub saxlanılır".

Professor Abbasqulu Nəcəfzadə də xanəndə Mirzə Güllərin həyatından və sənətə neçə çətinliklərdən keçərək gəlməsindən, eləcə də onun yaradıcılığından danışıb.

"Anam, Xalq yazıçısı Əzizə Cəfərzadə Mirzə Güllərin həyatından bəhs edən "Bir səsin faciəsi" adlı roman yazmışdır",- deyə tədqiqatçı Turan İbrahimov romanın məzmunu haqqında dəyirmi masa iştirakçılarına qısa məlumat verib.

Mirzə Güllər irsinin bilicisi Ağakərim Nafiz də Mirzə Güllər haqqında danışaraq onun böyük xanəndəmiz Mirzə Məhəmmədhəsənin şagirdi olaraq muğamlarımızın sirlərini məhz ondan öyrəndiyini vurğulayıb. "O dövrdə Mirzə Güllərin səsini eşidən insanlar deyirdilər ki, onu dinləyəndə sanki Mirzə Məhəmmədhəsən oxuyur”.

Daha sonra digər tədbir iştirakçıları da xanəndə haqqında öz fikirlərini bildiriblər.

Qeyd edilib ki, XIX əsrdə yaşayıb-yaratmış ilk azərbaycanlı peşəkar xanəndə qadın olan Mirzə Güllər o dövrdə qadınların çadrasız məclislərdə görünməsi yasaq olduğuna görə kişi paltarında çıxış edib. 1890-cı illərdən Şamaxıda xanəndəlik edib, Azərbaycanın digər bölgələrində də el məclislərində məşhurlaşıb. “Şur”, “Mahur–Hindi”, “Rast”, “Segah”, “Heyratı-Kabili”, “Bayatı-Şiraz”, “Bayatı-Qacar” muğamlarını xüsusi məlahətlə oxumuşdur. 1914-cü ildə Kiyevdə “Monarx-Rekord”, “Ekstrafon” səsyazma şirkətində Mirzə Güllərin ifasında bir neçə muğam və mahnılar qrammofon valına yazılıb. Şöhrəti təkcə Azərbaycanda deyil, İrana və Gürcüstana da yayılıb.

Tədbirin bədii hissəsində xanəndə və musiqiçilər tərəfindən Mirzə Güllərin repertuarından mahnılar da səsləndirilib.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)