Regional Mədəniyyət və Turizm İdarələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilmişdir

Regional Mədəniyyət və Turizm İdarələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilmişdir

0 rəylər

Medeniyyet.info xəbər verir ki, 5 oktyabr 2017-ci il tarixdə Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayevin sədrliyi ilə Regional Mədəniyyət və Turizm İdarələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilmişdir.

İlk öncə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Mədəniyyət və Turizm Nazirliyinin İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə icra etdiyi  “Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsinin icrası barədə regional idarə rəhbərlərinə məlumat verilmişdir. Layihənin rezident tvinninq müşaviri Alessandro Bianki çıxış edərək mədəni rayon metodologiyası haqqında və İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi ilə birgə İnteqrasiyalı idarəetmə planının hazırlanması prosesi haqqında təqdimat keçirmişdir.

Daha sonra çıxış edən nazir Əbülfəs Qarayev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 01 yanvar 2017-ci il tarixindən formalaşmış Regional Mədəniyyət və Turizm İdarələrinin fəaliyyəti barədə məlumat vermiş, mədəniyyət sahəsində şəffaf və səmərəli idarəetmə sisteminın formalaşdırılması yolunda görülmüş işləri iclas iştirakçılarının nəzərinə çatdırmışdır. Nazir Əbülfəs Qarayev idarə rəhbərlərinə mədəniyyət müəssisələrinin fəaliyyətlərini günün tələblərinə uyğun qurmaları, ehtiyat kadrların formalaşdırılması, regionlarda gənc mədəniyyət işçiləri ilə işin qurulması, vətəndaş müraciətlərinə diqqətin gücləndirilməsi və s. məsələlər barədə göstəriş və tövsiyələr vermişdir.

İclasda ölkənin mədəniyyət müəssisələrində qabaqcıl beynəlxalq iş təcrübəsinin tətbiq edilməsi, ödənişli xidmətlərin göstərilməsi, optimallaşdırma, müasir dövrdə klub və kitabxana şəbəkəsinin uğurlu fəaliyyətinin təşkili barədə geniş fikir mübadiləsi aparılmışdır.