“Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”sinin nəşri” layihəsi həyata keçirilir

“Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”sinin nəşri” layihəsi həyata keçirilir

0 rəylər

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycanda mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliği sahəsində geniş fəaliyyəti ilə tanınır. İndiyə qədər çoxsaylı yerli və beynəlxalq layihələri həyata keçirən birlik mənəvi dəyərlərin təbliği istiqamətində xeyli iş görüb. İctimai Birlik bu ilin fevral ayında Qarabağ irsini və mənəvi dəyərlərini təbliğ etmək məqsədilə öz nəzdində “Qarabağı Araşdırma İcması” qurub. Burada Qarabağı öyrənən və tədqiq edən, onun mənəvi irsini təbliğ edən “Miras” İctimai Birliyi üzvləri toplaşıb. Birlik könüllü araşdırmaçıları icmada yer almağa dəvət edir. Bu sahədə müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır.

Belə layihələrdən biri bu ilin sentyabr ayından həyata keçirilməsinə başlanan "Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”sinin nəşri" layihəsidir. Layihənin məqsədi Qarabağlı mütəsəvvüflərdən Azərbaycanda və dünyada az tanınan və tanıdılan Pir Məhəmməd Gəncəvinin türk dilində yazılmış “Mənaqibnamə”sini transfoneliterasiya etmək, sadələşdirmək, nəşrə hazırlamaq və nəşr etməkdir.

Pir Məhəmməd Azərbaycan Səfəvi şahı I Təhmasibin dövründə yaşamış xəlvəti şeyxlərindən biridir. O, məşhur sufi Şəms Təbrizinin nəslindəndir. Pir Məhəmməd Şeyx Əbdülqaffarın xəlifəsidir. Maraqlıdır ki, “Mənaqibnamə”də Şeyx Qubad və Şeyx Mənsur kimi bir çox övliyaların adları çəkilir, onlar haqqında maraqlı hekayələr verilir. “Mənaqibnamə”nin ikinci əsas maraqlı tərəfi Qarabağın XVI əsri əhatə edən oba, kənd, çay, dərə, dağ kimi toponimlərinin adının çəkilməsidir.

Layihənin rəhbəri və müəllifi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi, birliyin sədri Şəhla Xəlillidir. Əsərin tədqiqi üçün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və İstanbul Millət Əlyazma Əsərlər Kitabxanasında saxlanılan nüsxələr istifadə edilib.

“Qarabağlı Pir Məhəmmədin “Mənaqibnaməsi" kitabının transfoneliterasiya edilməsi, mətnin dilimizə sadələşdirilməsi və redaktə edilməsi, kitabın nəşrə hazırlanması və nəşri işləri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə yardımı ilə həyata keçirilir.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)