Musiqili Teatrın yaradıcı heyəti görkəmli yazıçı Çingiz Aytmatovun əsərini səhnələşdirir

Musiqili Teatrın yaradıcı heyəti görkəmli yazıçı Çingiz Aytmatovun əsərini səhnələşdirir

0 rəylər

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Rejissor Anar Babalının quruluşunda gənc yazar Cavid Zeynallının səhnələşdirdiyi bu əsərin ideya müəllifi və bədii rəhbəri sənət ocağının direktpru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

Ə.Lalayev bildirib ki, o, hələ ötən il Qırğızıstanın Oş şəhərində keçirilən VII Beynəlxalq “ART – ORDO-2019” Teatr Festivalı çərçivəsində TÜRKSOY-a üzv ölkələrin teatr direktorları şurasının toplantısında iştirak edərkən “Cəmilə” tamaşasının bəzi məqamları ilə bağlı qırğızıstanlı həmkarları ilə müzakirələr aparıb və bu əsərin Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uğurlu səhnə həlli tapacağı qənaətinə gəlib.

“Realizm və romantizm elementlərinin birləşdiyi səhnə əsərinin süjet xəttində sadə insanın gözü ilə ümumbəşəri problemlərə zərgər dəqiqliyi ilə yanaşılır. Cəmilə adlı bir gənc qadının yaşantıları fonunda əslində İkinci Dünya müharibəsi illərində arxa cəbhədə cərəyan edən hadisələrdən doğan bir çox həqiqətlər, çətinliklər tam çılpaqlığı və mürəkkəbliyi ilə göstərilir”, – deyə Ə.Lalayev tamaşanın ideya istiqaməti barədə fikirlərini belə ifadə edib.

Quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, musiqi tərtibatçısı Atabəy İsmayılov, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşov olan tamaşada rolları Əməkdar artistlər – Əzizağa Əzizov, İqrar Salamov, Almaz Ələsgərova, aktyorlar – Gülnarə Abdullayeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Əmrah Dadaşov, Nicat Əli, Emin Zeynallı, Şaban Cəfərov, Hidayət Əliyev, Ruslan Mürsəlov, Zaur Əliyev və İbrahim Əlizadə ifa edəcəklər.

Balet və xor artistlərinin də iştirak edəcəyi səhnə əsərində qırğızların milli musiqi aləti – qomuz vasitəsilə həmin xalqa məxsus etnik musiqilər səsləndiriləcək.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)