Milli İncəsənət Muzeyinin direktoru Böyük Britaniyanın Kembric Beynəlxalq Bioqrafik Mərkəzinin “Fəxri professor” medalına layiq görülüb

Milli İncəsənət Muzeyinin direktoru Böyük Britaniyanın Kembric Beynəlxalq Bioqrafik Mərkəzinin “Fəxri professor” medalına layiq görülüb

0 rəylər

Böyük Britaniyanın Kembric Beynəlxalq Bioqrafik Mərkəzi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyevi “Fəxri professor” medalına layiq görüb.

Dekabrın 6-da Milli İncəsənət Muzeyində Çingiz Fərzəliyevə medalın təqdim edilmə mərasimi keçirildi.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Çingiz Fərzəliyevin mədəniyyət sahəsində apardığı ardıcıl işi və beynəlxalq miqyasda həyata keçirdiyi layihələri yüksək qiymətləndirdi. Milli İncəsənət Muzeyinin rəhbəri kimi böyük təcrübəyə malik olduğunu vurğulayan Vaqif Əliyev onun tanınmış rəssamlarımıza və Azərbaycan incəsənətinə həsr etdiyi silsilə kitabları gələcək nəsillər üçün əvəzsiz töhfə olaraq səciyyələndirdi.

Nazirin birinci müavini Çingiz Fərzəliyevi mükafata layiq görülməsi münasibətilə təbrik etdi, gələcək işlərində uğurlar arzuladı.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov və Xalq yazıçısı Çingiz Abdullayev Çingiz Fərzəliyevi təbrik edərək onun yaradıcılığı və son illərdə muzey işi sahəsində gördüyü işləri yüksək dəyərləndirdilər. Vurğulandı ki, hər bir yaradıcı şəxs ərsəyə gətirdiyi sənət nümunəsinin tanınmasını, bəyənilməsini arzulayır. Bu səbəbdən də bu gün Milli İncəsənət Muzeyinin direktoru olaraq Çingiz Fərzəliyev bu muzeyin inkişafını və burada baş verən yenilikləri tanıtmaqdan zövq alır. Muzeyə ziyarətçi axını çox olduqca onun da əməyi öz bəhrəsini almış olur. Bu səbəbdən də son illərdə bu muzeydə baş verən çiçəklənmə həm dövlətin qayğısı, həm də düzgün idarəçiliyin sayəsində mümkün olub.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Kerol Krofts çıxış edərək Milli İncəsənət Muzeyinin 80 illik yubileyi ərəfəsində belə mötəbər bir medalın təqdimatını tarixi hadisə kimi xarakterizə etdi. Səfir professor Çingiz Fərzəliyevin beynəlxalq aləmdə, muzeylərin qarşılıqlı əlaqələri sahəsində apardığı işlər və bu sahədə əldə etdiyi nailiyyətlərdən söz açdı. Bildirdi ki, o, rəhbərlik etdiyi qurumun təşkilati işlərindən əlavə Azərbaycan incəsənətinin tanıdılması yolunda da yorulmadan çalışır. Onun tədqiqat işləri Azərbaycanın milli incəsənət xəzinəsinin qorunmasına xidmət edir.

Daha sonra səfir Böyük Britaniyanın Kembric Beynəlxalq Bioqrafik Mərkəzinin “Fəxri professoru” medalını Çingiz Fərzəliyevə təqdim etdi.

Çingiz Fərzəliyev təqdimata qatılan hər kəsə təşəkkürünü bildirdi və Kembric Beynəlxalq Bioqrafik Mərkəzinin “Fəxri professoru” adını daşımasından ikiqat iftixar hissi keçirdiyini vurğuladı.

Mərasim Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyevanın tələbələrindən ibarət “Detaşe” skripkaçılar ansamblı və Əməkdar artist Nərgiz Kərimovanın ifaları ilə davam etdi.

Xatırladaq ki, Çingiz Fərzəliyev 2014-cü ildə Böyük Britaniyanın Kembric Beynəlxalq Bioqrafik Mərkəzinin təsis etdiyi “İncəsənətdə görkəmli şəxs” mükafatına layiq görülmüşdü.

Qeyd edək ki, professor Çingiz Fərzəliyev Milli İncəsənət Muzeyinə həsr olunmuş “Azərbaycan rəngkarlığı antologiyası”, “Azərbaycan Dövlət İncəsənət Muzeyi” və “Azərbaycan el sənəti” monoqrafiyalarının, “Natürmort”, “Mənzərə”, “Portret” və digər nəfis nəşrlərlə yanaşı, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr edilmiş 36 kitabdan ibarət “Sərvət” silsiləsinin də müəllifidir.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)