Mədəniyyətlərarası dialoq üzrə “Bakı Prosesi”nin 11-ci ildönümü tamam olur

Mədəniyyətlərarası dialoq üzrə “Bakı Prosesi”nin 11-ci ildönümü tamam olur

0 rəylər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilmişdir və xalqımızın çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında örnək kimi göstərilir. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir.

Ölkə başçısı İlham Əliyev tərəfindən 2008-ci ilin 2 dekabr tarixində dünyada sülhün və mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı Prosesi” təşəbbüsü irəli sürülmüşdür. Azərbaycan Prezidentinin 2008-ci ilin 2-3 dekabr tarixində Bakıda keçirilmiş Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransın açılışında bəyan etdiyi bu təşəbbüsün davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabr tarixində Bakıda İslam ölkələrin Mədəniyyət nazirlərinin VI Konfransı təşkil edildi. Avropa konfransına 10 müsəlman ölkəsindən, İslam ölkələrinin nazirlər konfransına isə 10 Avropa ölkəsinin Azərbaycan tərəfindən dəvət olunması ilə dövlətimiz beynəlxalq tədbirlərin formatına yeni ənənələr gətirdi.

Bu prosesin məntiqi davamı olaraq 2010-cu ilin 23 sentyabr tarixində BMT Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi təşəbbüsü elan edildi. Beləliklə, Azərbaycan regional təşəbbüsdən qlobal miqyasa çıxmış oldu. Nəticə etibarilə 2008-ci ildə əsası qoyulmuş “Bakı Prosesi” çərçivəsində UNESKO, Ümumdünya Turizm Təşkilatı,  BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası və İSESKO-nun tərəfdaşlığı ilə 2011, 2013, 2015, 2017 və 2019-cu  illərdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, habelə 2011-ci ildən altı dəfə Bakı Beynəlxalq Humanitar Forumu və iki dəfə Dünya Dini Liderlərinin Sammiti ölkəmizdə yüksək səviyyədə təşkil edilmişdir. Ümumilikdə, 180-dən çox ölkənin, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dünyanın tanınmış şəxsiyyətləri və elm adamları da daxil olmaqla, sözügedən forumların ümumi iştirakçılarının sayı təqribən 10 min nəfərə yaxın olmuşdur. Qeyd olunan tədbirlərinin hər birinin açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir.

Bu nüfuzlu tədbirlər sırasına 2015-ci il Bakıda yüksək səviyyədə, hətta Olimpiya Oyunları səviyyəsində təşkil olunmuş I Avropa Oyunlarını, eləcə də 2017-ci ildə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını əlavə etmək olar. Bu dövlət siyasətimizin vahid strateji xəttini nümayiş etdirir.

Artıq “Bakı Prosesi” dünyada mədəniyyətlər və dinlərarası dialoqun gücləndirilməsi və təbliği üçün qlobal bir platformaya çevrilmişdir. Təsadüfi deyil ki, BMT baş katibinin BMT Baş Assambleyasına ünvanladığı mədəniyyətlərarası və dinlərarası dialoq və sülh mədəniyyəti barədə (A/72/488) illik hesabatda (2017-ci il) “Bakı Prosesi” çərçivəsində bu günə qədər əldə olunan uğurlarla yanaşı, mədəniyyətlərarası dialoqun təbliği üçün əsas qlobal platforma kimi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad edilib. İki müvafiq qərardan (A/RES/72/136) birində Bakı Forumunun əhəmiyyəti vurğulanıb. 2019-cu ildə BMT baş katibinin təşəbbüsü ilə hazırlanmış “Dini abidələrin qorunması üzrə Fəaliyyət Planı”nda “BMT-nin təşkilatları, Avropa Şurası və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının birgə əməkdaşlığı ilə Azərbaycan tərəfindən iki ildə bir dəfə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlər və dinlərarası dialoqun təşviqi üzrə əsas qlobal platformalardan biri” kimi bir daha təsdiq edilmişdir.

Bununla da “Bakı Prosesi” insanların təhlükəsizliyini təmin etmək üçün mədəniyyətlərarası dialoq və mədəni müxtəlifliyin həm həlledici amil, həm də çağdaş dövrün ən başlıca öhdəliyi olaraq beynəlxalq gündəmdə yüksək səviyyədə qalmasına şərait yaradır.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)