Mədəniyyət naziri Qırğızıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Mədəniyyət naziri Qırğızıstanın ölkəmizdəki səfiri ilə görüşüb

0 rəylər

Mədəniyyət naziri Anar Kərimov avqustun 3-də Qırğız Respublikasının ölkəmizdəki səfiri Kayrat Osmonaliyev ilə görüşüb.

Qonağı səmimi salamlayan Anar Kərimov iki ölkə arasında mədəni  əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib, mövcud əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə inamını ifadə edib.

Görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Nazir bildirib ki, iki qardaş ölkə arasında münasibətlər davamlı olaraq inkişaf etməlidir. Bu baxımdan  TÜRKSOY çərçivəsində də reallaşan mədəni layihələr ölkələrimiz arasında mədəni əməkdaşlığı daha da dərinləşdirir.

Gələn il Qırğızıstan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının (19 yanvar 1993) 30 illiyinin tamam olacağını qeyd edən Anar Kərimov bu münasibətlə silsilə layihələrin gerçəkləşəcəyini bildirib.

Noyabr ayında Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumunun keçiriləcəyini diqqətə çatdıran nazir qırğız həmkarını da bu mötəbər tədbirə dəvət etdiyini vurğulayıb.

Nazir bu ilin aprel ayında Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfər etdiyini xatırladıb, səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən görüşlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafı ilə üçün yeni perspektivlər açdığını diplomatın diqqətinə çatdırıb. 

Görüş zamanı gələn il anadan olmasının 95 illiyi tamam olan dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatova həsr edilən silsilə tədbirlərlə bağlı məsələlər də müzakirə edilib.

Səfir Kayrat Osmonaliyev Qırğızıstan Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının tamaşaya qoyulmasının 35 illiyi ilə bağlı keçiriləcək tədbirlər barədə nazirə məlumat verib.

Anar Kərimov qeyd etdi ki, Türk dünyası xalqlarının zəngin mədəniyyəti var və biz bu mədəni irsi türk xalqları olaraq birlikdə qoruyub gələcək nəsillərə ötürməliyik. İndiyədək gerçəkləşdirilən birgə layihələr də mədəniyyətlərimizin yaxınlığı, xalqlarımızın doğmalığının göstəricisidir.

Görüş tərəfləri maraqlandıran bir sıra məsələlərin müzakirəsi ilə davam etdi.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)