Mədəniyyət naziri Əbülfəs Qarayevin Yaradıcı və Mədəniyyət Sənayelərinin nümayəndələri ilə görüşü keçirilmişdir

Mədəniyyət naziri Əbülfəs Qarayevin Yaradıcı və Mədəniyyət Sənayelərinin nümayəndələri ilə görüşü keçirilmişdir

0 rəylər

Oktyabrın 8-də Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə ölkədə Yaradıcı və Mədəniyyət Sənayeləri (YMS) sahələrində (musiqi, dizayn, memarlıq, moda sənəti, sənətkarlıq, təsviri sənət, film, video, foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalar) fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri, prodüserlər və fərdi ekspertlərlə görüş təşkil edilmişdir.

Görüş iştirakçılarını salamlayan Əbülfəs Qarayev Azərbaycanda YMS-lərin inkişafı istiqamətində aparılan fəaliyyətlər və perspektiv planlar haqqında qısa məlumat vermişdir və qeyd etmişdir ki, görüşün məqsədi YMS nümayəndələri ilə fikir bölgüsünün aparılması, əməkdaşlıq mühitinin yaradılması və gələcəkdə birgə inkişaf layihələrinin həyata keçirilməsidir.

Ardından Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə “Yaradıcı və Mədəniyyət Sənayeləri” haqqında təqdimat edərək bu sənayelərin dünyada və ayrı-ayrı ölkələrin iqtisadiyyatında rolu, sosial töhfəsi haqqında nümunələr gətirmişdir. Tədqimatda həmçinin Azərbaycanda YMS-lərin potensial imkanları və mövcud çətinliklər, nazirlik tərəfindən görülmüş işlər və gələcək planlar barəsində məlumat verilmişdir.  

Təqdimatdan sonra nazir Əbülfəs Qarayev YMS-lərə dair ölkədə potensial imkanlar, YMS-lərin inkişafı istiqamətində mövcud fəaliyyətlər və gələcək planlara dair geniş nitqlə çıxış etmişdir. Nazir cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı prosesində YMS-lərin də inkişafının böyük rol oynadığını vurğulamışdır.

Görüş iştirakçıları da öz növbəsində mövzu ətrafında çıxışlar edərək, müvafiq sahələrlə bağlı öz rəy və təkliflərini təqdim etmişlər. Nazir Əbülfəs Qarayev təkliflərin “Azərbaycanda 2020-2030-cu illər üzrə Yaradıcı və Mədəniyyət Sənayelərinin İnkişafına dair Strateji Yol Xəritəsi”nin hazırlanması prosesində nəzərə alınacağını qeyd etmiş və bu qəbildən olan görüşlərin gələcəkdə də keçirilməsinin məqsədəuyğun olduğunu bildirmişdir.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)