Mədəni konsaltinq xidmətləri davam edir

Mədəni konsaltinq xidmətləri davam edir

0 rəylər

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi karantin rejiminin tələblərini nəzərə alaraq regionlarda çalışan mədəniyyət işçiləri üçün mədəni konsaltinq xidmətlərini təqdim etməyə davam edir. Buraya müxtəlif ixtisaslar üzrə təlimlər, metodiki vəsaitlərin təqdimatı, fərqli təyinatlı təqdimatlar və açıq mühazirələr də daxildir.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyevin iştirakı ilə “Mədəniyyət evləri: kreativ fəaliyyət yanaşmaları” mövzusunda canlı mühazirə təşkil olunub. Mühazirə mövcud olan mədəniyyət evlərinin əməkdaşları və digər gənc mədəniyyət işçiləri üçün nəzərdə tutulub.

Zoom proqramı vasitəsilə baş tutmuş mühazirədə A.Usubəliyev mədəniyyət evlərinin fəaliyyətində yeni yanaşmalar, müasir forma və üsullardan istifadə yolları, onların sosial populyarlığı, əməkdaşların peşəkarlığı, mədəniyyət evlərinin tarixi, fəlsəfəsi və digər önəmli mövzulara toxunub. O, sahə üzrə kadrların hazırlanmasında maarifləndirmənin əhəmiyyətindən danışaraq, mövcud problemlərin həllində müəssisələrin birgə əməkdaşlığının qurulmasının vacibliyini vurğulayıb. Mərkəz olaraq hər zaman təşəbbüsləri dəstəklədiyini, müəssisələr arasında təcrübə mübadiləsinin aparılmasının zəruriliyini bildirib, mədəniyyət evlərinin fəaliyyətində müasir dövrün tələblərini diqqətdə saxlamağı və ona uyğunlaşmanın zəruri olduğunu qeyd edib, gənc kadrların mədəniyyət evlərinə cəlb edilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Müzakirə olunmuş mövzular çərçivəsində konkret layihələr və onların reallaşma imkanları araşdırılıb. Mədəniyyət evlərində fəaliyyət göstərən dərnəklərin cəmiyyətdə populyarlığının artırılması məqsədilə onların sosial imicinin artırılmasına xidmət edəcək virtual layihələrin reallaşması və digər pullu xidmətlər də müzakirə olunub.

Müasir kreativ və rəqəmsal metodlardan istifadə olunmasının və qabaqcıl təcrübənin mənimsənilməsinin vacibliyini bildirən mühazirə iştirakçıları mədəniyyət evlərinin sosial imicinin və onların cəmiyyətdə, xüsusilə gənclər arasında, populyarlığının artırılması məqsədilə potensialların səfərbər olmasının vacibliyini bildiriblər.

Qeyd olunmalıdır ki, mədəniyyət işçiləri ilə yanaşı, mədəniyyət könüllüləri də sözügedən seminarda iştirak ediblər.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)