Leyla Xəzəri qalereyasında «Al/Balıq» sərgisi keçiriləcək

Leyla Xəzəri qalereyasında «Al/Balıq» sərgisi keçiriləcək

0 rəylər

«Al/Balıq» sərgisi Martın 12-də Leyla Xəzəri qalereyasında bəşər tarixinin həm sadə, eyni zamanda həm də ən sirli personajlarından birinə həsr olunmuş Al/Balıq sərgisinin açılışı olacaq. Bir çox ənənəvi inanc və mifologiyaların iddia etdiyi kimi, dünyanın başlanğıcında yalnız adi bir balıq var idi. Balıqlar, bürclərin 12-cisi olaraq bir dövrün sonu və sonrakı dövrün başlanğıcı kimi qeyd olunur. Xalqların çoxu inanırdı ki, ölən insanın ruhu balıqlara keçir. Siz petroqliflər, mağara rəsmləri, çoxsaylı daş, keramika, taxta və metal totemlərdə balıq təsviri və bəzəklərini dünyanın istənilən arxeologiya və tarixi muzeyində tapa bilərsiniz. Qədim Hindistan miflərində deyilir ki, Vişnu tanrısı böyük daşqın zamanı balığa dönmüş və Manu xalqının əcdadlarını xilas etmişdir. Qədim Çində balıq xoşbəxtlik və bolluq rəmzi hesab olunurdu. Nağıllarda qədim balıqçıların toruna düşmüş, istənilən, hətta ən ülvi və qeyri-adi istəkləri yerinə yetirən bir qızıl balıq obrazı əks olunur. Balıq hər şeyin mümkünlüyü simvoludur və sahibinə məqsədə doğru «üzməyə» kömək edir. «Al/Balıq» sərgisi ən tələbkar estetin də zövq alacağı bədii balıq mövzusunu təqdim edir. Hər kəs burada öz «qızıl balığını» tapa bilər. Sanki Qobustan daşından oyulmuş monumental daş balıq, yeni süzülmüş pivə istəyi oyadan ənənəvi ornament elementləri ilə kubizm üslubunda yaradılmış rəngkarlıq, Mixail SaltIkov-Şedrinin nağılından gəlmiş canlı personajı xatırladan qrotesk stimpank heykəltəraşlığı , sərt Abşeron balıqçıları və sehrli kütümlər... Bütün bunları sözlə təsvir etmək demək olar ki mümkün deyil, özünüz görsəniz daha yaxşıdır. Sərginin təşkilatçısı Leyla Xəzəri, layihənin müəllifi Pərviz Hüseynov, kuratoru Rüstəm Hüseynov, posterin dizayneri Mir Azər Abdullayevdir. Tədbirin kulinariya sponsoru Soloha restoranıdır. Sərgi 10 aprel 2020-ci ilədək davam edəcək. Açılış günü giriş dəvətnamə ilə, qalan günlər pulsuzdur.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)