Lənkəranda Beynəlxalq Teatr Festivalı işə başlayıb

Lənkəranda Beynəlxalq Teatr Festivalı işə başlayıb

0 rəylər

Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində iyunun 1-də Lənkəran Dövlət Dram Teatrının binasında Beynəlxalq Teatr Festivalına start verilib.

Festivala ölkəmizin 10 sənət ocağı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və müstəqil “Ol” Teatrı öz tamaşaları ilə qatılıblar. Beynəlxalq festivalda, həmçinin Böyük Britaniyanın “Two Destination Language” Teatrı, Gürcüstanın “Azadlıq” Teatrı, İranın “Muğan Hünər” və “Mika” teatrları, habelə “Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri iştirak edirlər.

Teatr truppaları təqdim ediləcək tamaşalara baxmaqla yanaşı, bir-biri ilə sənət mübadiləsi edəcək, Lənkəranın gəzməli-görməli məkanları ilə tanış olacaqlar.

İyunun 1-də Lənkəran Dövlət Dram Teatrının binasında Beynəlxalq Teatr Festivalının açılışı mərasimi keçirilib.

Azərbaycan Teatr Xadimləri İttifaqı idarə heyətinin sədri Azərpaşa Nemətov festivalda iştirak edən teatr kollektivlərinə yaradıcılıq uğurları arzulayıb.

Beynəlxalq teatr festivallarının ölkəmizdə keçirilməsinin ənənə halını aldığını vurğulayan A.Nemətov Lənkəran Dövlət Dram Teatrında çalışan aktyorların sırasında onun tələbələrinin də olduğunu deyib, festivalın əsl sənət bayramına çevriləcəyinə əminliyini ifadə edib.

“British Council” təşkilatının direktor müavini Nigar Baimova 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərdiklərini qeyd edərək, Cənubi Qafqazda ilk dəfə məhz ölkəmizdə “Near Gone” səhnə əsəri ilə çıxış etdiklərini bildirib.

Festivalın birinci günü Lənkəran Dövlət Dram Teatrının aktyorları “Tilsimlənmiş qız” tamaşasını oynayıblar. Tamaşanın quruluşçu-rejissoru Tərlan Abdullayev, quruluşçu-rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Günün ikinci yarısında isə Böyük Britaniyanın “Two Destination Language” Teatrının “Near Gone” adlı səhnə əsəri tamaşaçılara təqdim olunub.

“Near Gone” sağ qalmaq haqqında əsərdir. Tamaşa ölümün ağuşunda olan gənc qız və oğlanın dueti ilə başlayır. Real hadisələrdən bəhs edən duet zamanı tədricən onların şəxsi əlaqəsi üzə çıxır. Onlar səhnədə bir saat ərzində sözlə ifadə olunması mümkün olmayan mətləbləri Şərqi Avropanın qaraçı musiqisi altında bir-birini əvəzləyən ritmik rəqsləri ilə anlatmağa cəhd edirlər.

Bolqar və ingilis dillərində nəql olunan hadisə auditoriyaya emosional təsir göstərir və tamaşaçını həyatın ötüb keçməsi haqqında düşünməyə dəvət edir.

“Near Gone” tamaşası “Pulse Fringe Suitcase” (2013) və İnnovasiya, Təcrübə və Səhnələşdirməyə görə “Total Teatr” mükafatlarının (2014) sahibidir.

İyunun 2-də Lənkəran Dövlət Dram Teatrının səhnəsində 3 tamaşa göstəriləcək. Saat 10.00-da Gəncə Dövlət Kukla Teatrı, saat 12.00-da “Ol” teatrı, 16.00-da isə Bakı Uşaq Teatrı çıxış edəcək.

Gəncəli aktyorlar Ə.Orucoğlunun əsəri əsasında hazırlanmış “Zınqırovlu pişik” tamaşası ilə festivala qatılacaqlar. Tamaşanın quruluşçu-rejissoru Şamil Məmmədli, dekorator rəssamı Sara Məmmədova, kuklaçı rəssamı Təranə Cəfərovadır.

Müstəqil “Ol” Teatrının aktyorları festivala xalq nağılının motivləri əsasında hazırlanmış “Cəsur şahzadə Məlikməmmədin nağılı” adlı tamaşa ilə çıxacaqlar. Tamaşanın quruluşçu-rejissoru Namiq Ağayev, quruluşçu-rəssam Xuraman Azəri, musiqi tərtibatçısı Əfsanə Bağırovadır.

Bakı Uşaq Teatrı isə “Göyçək Fatma”nı təqdim edəcək. Əməkdar artist İntiqam Soltanın səhnəyə qoyduğu nağıl-tamaşanın quruluşçu-rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynlidir.

Beynəlxalq Teatr Festivalı iyunun 5-dək davam edəcək.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)