Kuklaçıların “Yeddi nar çubuğu”

Kuklaçıların “Yeddi nar çubuğu”

0 rəylər

A.Şaiq adına Dövlət Kukla Teatrı 2020-ci ilin ilk premyerasını keçirdi. Tamaşaçılarına “Yeddi nar çubuğu”nun gücünü anlatdı. Azərbaycan xalq nağılının motivləri əsasında publisist və şair Zülfüqar Rüfətoğlunun səhnələşdirdiyi və teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda təqdim edilən eyniadlı tamaşanı balaca teatrsevərlərə Köhnə Yeni İl hədiyyəsi də hesab etmək olar. Ən əsası isə bu tamaşa ilə kuklaçılar yetişməkdə olan nəslə gücün birlikdə olduğunu aşılamağı bacardılar.

Qədim zamanlar... Sakinləri əmin-amanlıq içində yaşayan bir məmləkət... Və günlərin bir günü bu əmin-amanlığı pozan bir vaqeə... Daha dəqiqi, vəhşiləşmiş bir buğanın məmləkətə gələn su mənbəyinin qarşısını kəsməsi baş verir... Padşah yeddi oğlunu çağırıb tapşırıq verir ki, buğanı tutub gətirsinlər və beləliklə xalq içməli su mənbəyindən yenidən rahat istifadə edə bilsin. Qardaşlar çox asanlıqla bu işin öhdəsindən gəlirlər. Lakin onlar işin nəticəsindən zövq almaq, qardaşlıq birliyindən qürrələnmək əvəzinə hər biri ayrı-ayrılıqda özünü tərifləməyə, öyməyə başlayır. Bu isə onunla nəticələnir ki, qardaşlar arasındakı mehribanlıq, bir-birinə dayaq olmaq kimi gözəl keyfiyyətlər tamam əks yaramaz cəhətlərlə əvəz olunur. Onlar atalarının sarayından aralanıb hər biri özü üçün ayrı bir saray inşa etdirir. Təbii ki, belə situasiya düşmənlərə sərf edir və onlar fəaliyyətə keçirlər. Qardaşlar özlərini itirmiş halda ata sarayına üz tutub kömək istəyirlər. Ataları onların qarşısına bir-birinə bağlanmış yeddi nar çubuğunu sındırmağı tapşırır. Bunu etməyin mümkünsüzlüyünü gördükdə isə onlara çubuqları ayrı-ayrılıqda sındırmağı tapşırır. Qardaşlar asanlıqla çubuqları bir-bir sındırırlar. Hətta ən kiçik qardaş da bu işdə çətinlik çəkmir. Amma yenə də atalarının bu sınağının anlamını dərk etmirlər. Məmləkətin padşahı, yeddi qardaşın atası izah edir ki, bu yeddi nar çubuğu onlardı – nə qədər ki qardaşlar mehriban idilər onlar güclü, qüdrətli idilər, elə ki bir-birindən ruhən ayrı düşdülər düşmənlər onlara güc gəldi. Qardaşlar səhvlərini anlayıb yenidən əsl qardaş olurlar.

Tamaşanın səhnə tərtibatı, kuklaların libasları (quruluşçu rəssam Rəvanə Yaqubova) mükəmməlliyi ilə fərqlənir. “Yeddi nar çubuğu” tamaşasının film-tamaşa effekti, ümumiyyətlə, işıq amilini ustalıqla ərsəyə gətirməsi və xüsusən qardaşların bir-birindən ayrı düşən, yadlaşan mərhələsini, payızla qışın fonunda təklənmələrini təsvir edən sözsüz səhnə fərqli təsir qüvvəsinə malik oldu. Qardaşların ilin sərt fəsillərinin təzahürləri altında dərin, ağır düşüncələrə qərq olmalarını müvafiq instrumental musiqinin (bəstəkar Vüqar Camalzadə) müşayiət etməsi tamaşanın əlahiddə fraqmenti kimi yadda qaldı.

 

Samirə Behbudqızı

Medeniyyet.info

 


Paylaş: