“IMAGINE” Avropa Tolerantlıq Festivalı və Avropa Film Festivalı tolerantlıq və ya mədəni müxtəliflik barədə mənim təəssuratlarımı necə dəyişdi?

“IMAGINE” Avropa Tolerantlıq Festivalı və Avropa Film Festivalı tolerantlıq və ya mədəni müxtəliflik barədə mənim təəssuratlarımı necə dəyişdi?

0 rəylər

Kino ən kütləvi incəsənət növüdür. Bu ifadənin kimə məxsus olmasından, yaxud bəlli təzahürü kimin ifadə etməsindən asılı olmayaraq. Kütləvilik anlamının təfsiri çoxmillətlilik, çoxmədəniyyətlilik deməkdir. Və bu təzahür festival günlərində daha canlı təəssürat doğurur. Müxtəlif ölkələrin kino məhsulları fərqli ölkələrdə qaranlıq kinozalda seansa toplaşıb gözlərini ekrana zilləyən insanları 1-2 saat ərzində eyni mövzuda düşünməyə sövq edir, həyatımızın əsas cizgisinin tolerantlıq və mədəni müxtəliflik, başqa sözlə, insanpərvərlik olduğunu bəyanlayır.

Oktyabrın 12-dən 20-dək və noyabrın 2-dən 12-dək paytaxtımız Avropa Film Festivalının bəyaz ekranının əsas cizgisinə çevrildi.   

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri, İsveçrə, Norveç, Moldova, Peru, İsrail, Meksika, Argentina, Kuba və Braziliya Səfirlikləri, Park Cinema, Landmark mehmanxanası, "United Cultures", Bakı Media Mərkəzi, YARAT ilə birgə əməkdaşlıqda və Türk Hava Yolları və ASAN radio 100 FM-in dəstəyi ilə ilk dəfə baş tutan və məqsədi müxtəlif incəsənət nümunələri ilə mədəniyyətlərarası dialoq və tolerantlığın dəyərlərini təşviq etmək olan, Roma Müqaviləsinin 60 illiyinə (1957-ci ildə Almaniya Federativ Respublikası, Fransa, İtaliya, Belçika, Niderland və Lüksemburq arasında imzalanmış bu müqavilə insanların, əmtəənin, xidmət və kapitalın sərbəst hərəkətinə mane olan bütün maneələrin ləğvini nəzərdə tutur)

həsr edilmiş İMAGİNE Avro Tolerantlıq Festivalı, bu kino bayramı ilə paralel digər sənədli film festivalları olan “Reallığı sınayaraq” devizi altında DokuBaku Sənədli Film Festivalı və Mitskeviç Fondu ilə Polşa Səfirliyi tərəfindən təşviq olunan "Sosial Dəyişiklik üçün Kino" Festivalı və Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin, İttifaqa üzv dövlətlərin, eləcə də Norveçin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən VIII Avropa Film Festivalı müxtəlif sivilizasiyaların çulğaşmasının, multikultural yaşam tərzinin, inklüziv cəmiyyət anlayışlarının məmləkətimizin əsrlərin sınağından çıxmış dəyərlərindən biri olması heç şübhəsiz bu kino paradının ovqatını təyin etdi. Azərbaycan da daxil olmaqla çoxlu sayda ölkənin sənədli və bədii kino məhsulunun vernisajına çevrilmiş bu festivalların hər bir seansının qələbəliklə müşayiət olunması kinoya marağın və mədəni müxtəlifliyin təntənəsi aktı kimi yadda qaldı.

Biz mulikultural dünyada yaşadığımızı inkar edə bilmərik və bu hər zaman belə olub. Sadəcə, multikulturalizmi qaçılmaz edən səbəblər çevikləşdiyindən həmin təzahürün sosial amilə çevrilməsi son onilliklərin hadisələri sırasına aiddir. Mədəniyyəti ilk növbədə kommunikasiya forması kimi qavramaq lazımdır. Əlbəttə, bu kommunikasiya formasının əsas funksiyalarından biri əhalinin müxtəlif qrupları arasında sərhədqoyma yanaşmalarının tətbiqindən ibarətdir. Lakin mədəniyyət həm də kommunikasiya kodu kimi xidmət göstərir. Beləliklə, mədəniyyət müxtəlif mədəniyyətlərin “görüş yeri”nə çevrilən açıq məkan təsiri bağışlayır. Daha bir vacib məqam mədəniyyətin hansısa spesifik qrupun genetik səciyyəsi olmayıb kod şəklində və konkret daşıyıcı olmadan mövcudluğunun mümkünlüyündən ibarətdir. Bəzi adamlar “tolerantlıq”, “multikulturalizm” kimi kəlmələrinə az qala mərhum Tofiq Tağızadənin Səməd Vurğunun "Komsomol" poemasının motivləri əsasında 1970-ci ildə çəkdiyi və    Azərbaycan kinosunun “incilərindən” biri olan “Yeddi oğul istərəm” ekran əsərindəki bir kəndlinin “proletar” kəlməsini anlamayaraq “mən hara, proletar hara?” reaksiyasına bərabər reaksiya verirlər. Halbuki elə həmin bəziləri ömrü boyu özü də bunun fərqinə varmadan multikulturalizmə töhfələr verib və verməkdədirlər – digər millətdən olan qonşuları, iş yoldaşları ilə bir ailə kimi dolanmağından başlamış müxtəlif fors-major situasiyalarda dini, irqi, milli ayrı-seçkilik etməyi ağlına belə gətirməməsinə qədər.

Tolerantlıq, onun aspektlərindən biri olan multikulturalizm bütün mədəniyyətləri bir qazanda qaynatmaq konsepsiyasına zidd olaraq çeşidli mədəniyyətlərin, fərqli sivilizasiyaların yaşadılmasına və inkişafına, obrazlı desək, bir mozaikanın hissəciklərinə olan mühafizəedici yanaşmanı aşılayır. Aydın məsələdir ki, mozaikanın hər hansı hissəciyi zədələnərsə, bütün gözəlliyini və deməli dəyərini itirər. Buna görə də multikulturalizmin tələbləri öz əksini kütləvi mədəniyyətin ümumbəşəri məcrasında mədəniyyətlərin qarşılıqlı təsiri, çilğaşması, zənginləşməsi və inkişafı məqsədilə sivilizasiyaların paralel mövcudluğunda tapır. Təbii ki, bütün təzahürlər kimi multikulturalizmin, tolerantlığın, birgəyaşayışın da əleyhdarları var. Onlar hesab edirlər ki, sonradan gələn sivilizasiya və mədəniyyətlərin varlıq əmsalının yüksəlməsi bu və ya digər ölkənin çoxəsrlik mədəni özəyinin məhvinə aparıb çıxaracaq enmə zolağı ilə müşayiət oluna bilər. Lakin belələri unudurlar ki, düşünülmüş və deməli savadlı yanaşma olan yerdə bu cür halın baş verməsi mümkünsüzdür.  "IMAGINE Avropa Tolerantlıq Festivalı və "Avropa Film Festivalı məhz belə düşünülmüş yanaşmalar silsiləsinə aiddir. Festivalların sənədli və bədii baxış bucaqları, sənədli ekran əsərlərinin mövzu müxtəlifliyi və fabula aktuallığı, bədii kino işlərinin janr müxtəlifliyində ifadə olunan çağdaşlıq vurğusu bu bucaqlarının istiqamətini doğru-düzgün tutan tamaşaçı auditoriyası formalaşdıra bildi, desək, qətiyyən yanılmarıq. Sevindirici məqamlardan biri insanların festivalın tədbirlərinə sadəcə boş vaxtını nə iləsə doldurmaqdan ötrü deyil, düşünülmüş seçimlə qatılmasını, öncə və sonra fikir mübadiləsi aparmasını dönə-dönə müşahidə etmək idi. Kinoseansların və festivalların digər tədbirlərinin iştirakçısı olan (əksər seanslarda oturacaqların hamısının tutulması maraqlananları zalın pillələrində əyləşib filmi seyr etməsinə əngəl ola bilmədi) bakılıların və şəhərimizin qonaqlarının yaş mənsubiyyəti müxtəlifliyi ilə seçilsə də, gənclərin üstünlük təşkil etməsi aşkar idi. Ümumiyyətlə isə, görüb-götürməyi ayıb saymayan hər kəsi gənc hesab etmək olar. Və paytaxımızın simasına çox yaraşan bu payız kino paradı bu qənaəti bir daha təsdiqlədi.           

 

Samirə Behbudqızı

Medeniyyet.info

 

 

 

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)