İki dost, iki həmkarı birləşdirən bir tədbir

İki dost, iki həmkarı birləşdirən bir tədbir

0 rəylər

Noyabrın 20-də Azərbaycan Teatr Xadimləri İttifaqında iki görkəmli sənət xadimi - rejissor, əməkdar incəsənət xadimi Zəfər Nemətovla Həsən Haqverdiyevin 100 illiyinə həsr edilmiş “İki dost” adlı tədbir keçirildi. Azərbaycan Teatr Xadimləri İttifaqının Mədəniyyət və Turizm Nazirliyi ilə birgə reallaşdırdığı tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak etdilər. Əvvəlcə qonaqlar unudulmaz rəssam Həsən Haqverdiyevin sənət əsərlərindən ibarət “Davam” adlı sərgiyə baxdılar. Xalq artisti Hacı İsmayılovun aparıcısı olduğu tədbirdə hər iki sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirildi. Sənətkarların ömür yolundan və zəngin yaradıcılığından danışan H.İsmayılov diqqətə çatdırdı ki, hər iki sənətkar ömürlərinin sonunadək sadiq dostlar olublar. Ağrılı illərdən işıqlı sənətə doğru çətinliklə addımlayan sənətkarlar bütün məşəqqətlərə baxmayaraq, sənətə olan sevgidən daşınmayıb, daim irəliyə baxmağa müvəffəq olublar. Tədbir çərçivəsində təqdim edilən Zəfər Nemətova həsr olunmuş “Zəfər ömrü” kitabı haqqında qonaqlara məlumat verən aparıcı nəşrin teatrşünaslığın inkişafına töhfə olduğunu qeyd etdi. Tədbirdə çıxış edən xalq rəssamı Arif Hüseynov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, xalq artisti Əminə Yusifqızı və başqaları  bu iki əsl sənətkarın,  tam şəxsiyyətin, layiqli vətəndaşın zəngin və böyük yaradıcılığından sevgi və ehtiramla bəhs edərək xatirə və təəssüratlarını bölüşdülər.

Zəfər Nemətovun oğlu, xalq artisti Azərpaşa Nemətov və Həsən Haqverdiyevin qızı Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Zemfira Qafarova, eləcə də oğlu, əməkdar rəssam, xalq artisti Hüseyn Haqverdiyev  tədbirin təşkilatçılığında əməyi olan hər kəsə təşəkkürlərini bildirdilər.

Samirə

Medeniyyet.info