I Lənkəran Beynəlxalq Teatr Festivalı davam edir

I Lənkəran Beynəlxalq Teatr Festivalı davam edir

0 rəylər

Dünən festival çərçivəsində üç tamaşa oynanıldı – İran İslam Respublikasınıln Muğan-Hünər və Mika Teatrları “Qırmızı və vız-vızı” (müəllif və quruluşçu rejissor Əli Bəhnun, ), Akademik Milli Dram Teatrı “Nindza tısbağalar və kapitan Cekin macəraları” (quruluşçu rejissor Anar Sadıqov) və Dövlət Gənc Tamaşaçılar Teatrı “Qoğalın sərgüzəştləri” (müəllif Pərvin Nurəliyeva, quruluşçu rejissor Nicat Kazımov).

“Qırmız və vız-vızı” sırf kukla tamaşası tərzində qurulmuş, bol musiqili bir səhnə əsəridir. Süjetdə dişi Qırmızı adlı arı ilə erkək Vız-vızı adlı arının səmimi dostluğundan bəhs edilir. Tamaşa 2017-ci ildə Ukraynada keçirilən festivalda “Ən yaxşı tamaşa” Diplomuna layiq görülüb. Tamaşadan sonra ağayi Əli Bəhnun doğma Azərbaycanda keçirilən festivalda iştiraka imkan yaratdıqlarına görə təşkilatçılar Mədəniyyət Nazirliyi, Lənkəran şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqına təşəkkürünü bildirdi.   

Bu gün lənkəranlı teatrsevərlər Qax Dövlət Kukla Teatrının “Xeyir və Şər”, Azərbaycan Dövlət Kukla Teatrının “Cırtdan” və Gürcüstanın Azad Teatrının “Bu nağıl ağlı başdan alır” tamaşalarını seyr etdilər.

Sabah isə festivalın yekun günündə İran İslam Respublikasının Ərdəbil şəhərinin “Ünvan” Teatrı “Qızıl başmaq”, Şuşa Dövlət Musiqili Dram Teatrı “Əlibaba və qırx quldur” və Salyan Dövlət Kukla Teatrı “Bostançı və Şah Abbas” tamaşalarını təqdim edəcəklər. Festivalda iştirak edən bütün truppalar Mədəniyyət Nazirliyinin Diplomu ilə təltif edilirlər.

 

Samirə

Bakı-Lənkəran-Bakı