“Gəncliyin səsi” festivalına yekun vurulub

“Gəncliyin səsi” festivalına yekun vurulub

0 rəylər

5 fevral 2019-cu il tarixində Azərbaycan Dövlət Musiqili Teatrında mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Nazirliyin və Agentliyin əməkdaşları, həmçinin ASAN könüllüləri və digər qonaqların iştirakı ilə “Gəncliyin səsi” festivalının bağlanış mərasimi baş tutdu.

Gənclər günü münasibətilə 2016-cı ildən Mədəniyyət Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə təşkil olunan festivalın bağlanış mərasimində “ASAN Könüllüləri”nin təqdimatında “Vəfalı Səriyyə” tamaşasının premyerası keçirildi. Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq səhnələşdirilən tamaşa “ASAN Könüllüləri”nin ərsəyə gətirdiyi sayca 20-ci səhnə əsəridir.

Tamaşadan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək “Gəncliyin səsi” festivalının artıq ənənə halını aldığını, layihənin gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, nailiyyətlərinin dəstəklənməsi və yeni simaların aşkar edilməsi məqsədi daşıdığını qeyd etdi, tamaşanın hazırlanmasında göstərilən dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi və gənclərə uğurlar arzuladı.

Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova da gənclərə təşəkkür edərək bildirdi ki, tamaşa böyük ədibin yubileyinə töhfədir. O, “ASAN Könüllüləri”nin bundan öncə C.Cabbarlının “Aydın” və “Solğun çiçəklər” əsərlərini də tamaşaya qoyduqlarını diqqətə çatdırdı.

Daha sonra “ASAN Könüllüləri” təşkilatının sədri Səbinə Cabbarova, Dövlət Agentlyinin İnsan resursları və təlim şöbəsinin müdiri Orxan Dəmirli çıxış edərək gənclərin yaradıcılıq imkanlarının üzə çıxarılmasına zəmin yaradan festivalın önəmindən bəhs etdilər. Tamaşanın quruluşçu rejissoru Könül Hüseynliyə və digər iştirakçılara təşəkkürnamələr təqdim edildi.

 

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)