Fərəc Qarayevdən yeni müasir musiqi layihəsi

Fərəc Qarayevdən yeni müasir musiqi layihəsi

0 rəylər

Ötən həftə sonu müasir musiqi dinləyiciləri Azərbaycan Dövlət Akademik Filarmoniyasına toplaşmışdılar. Noyabrın 29-da konsert salonunun səhnəsində  “Cafe General Lavine" adlı proqram təqdim olundu. İfalardan öncə musiqişünas Səbinə Timurova çıxış edərək musiqi gecəsi haqqında məlumat verdi, K.Debüssi və A.Şönberqin əsərlərinin səsləndiriləcəyini dedi. Bəstəkarların yaradıcılığı və səslənəcək əsərlərin özəlliyini vurğulayan musiqişünas dedi ki, K.Debüssinin 3 noktürn silsiləsindən "Pəri", "Buludlar", "Şənlik" əsərləri ifa olunacaq. Bu noktürnlərdən "Buludlar" Moskva Dövlət Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti Fərəc Qarayev tərəfindən solo alətlər ansamblı üçün işlənilib. Eyni zamanda bəstəkar bura fransız şairi Stefan Mallarmenin sözləri əsasında vokal partiya da əlavə edib. S.Timurova gecədə “Cafe General Lavine" əsərindən "Üç prelüd" (“Kanope”, “Atəşfəşanlıq”, “Genereal Lavine eksentrik”) əsərinin səslənəcəyini və bu əsərin də Fərəc Qarayev tərəfindən simfonik orkestr üçün yenidən işləndiyini diqqətə çatdırdı. Konsert proqramının adının tarixçəsini də qeyd edən musiqişünas dedi ki, “café” sözü “kanope” və “feyerverk” (“atəşfəşanlıq”) sözlərinin ilk hecalarının birləşməsi olduğunu da dedi.   

Konsertin ikinci hissəsində atonal musiqinin və 12 tonlu kompozisiyanın pioneri sayılan A.Şönberqin "Aylı Pyero" vokal silsiləsi təqdim olundu. Vaxtilə bəstəkarın "İntizar" monodramını və violin konsertini kamera tərkibi üçün işləyən Fərəc Qarayev bu dəfə əksinə orijinalda beş alət üçün nəzərdə tutulan Jironun şeirlərinə "Aylı Pyero" vokal silsiləsini simfonik orkestr üçün hazırlayıb. 2018-ci ildə İsveçdə premyerası olan əsər “Universal Edition” nəşriyyatına göndərilib.  Nəşriyyat öz növbəsində əsəri mərhum bəstəkarın ailəsinə yollayaraq Fərəc Qarayevin işini əsərin gələcək ifası müsbət rəy kimi dəyərləndirib. Xalq artisti XX əsrin ən mühüm partituralarından biri hesab edilən bu əsər üzərində gərgin iş aparıb. Burada həssaslıq tələb edən nüans Şönberq musiqisinin böyük orkestrdə belə orijinalla ziddiyyət təşkil etməməsi idi. Buna görə də yeni versiyada bütün alətlərin solosu dəyişilməz qalıb, hətta hər bir notun xarakteri qorunub. F.Qarayevin sözləri ilə desək, böyük simfonik orkestr Şönberqin 1912-ci ildə qoyduğu qaydalara əsasən əsəri ifa edən iki kamera ansamblına çevrilir.

“Cafe General Lavine” proqramı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiətində musiqisevərlərin sevimliləri əməkdar artistlər, dirijor Fuad İbrahimov və solist, soprano Fəridə Məmmədova tərəfindən həmişəki ustalıqla təqdim edildi. Beləliklə, Azərbaycan dinləyicisinin müasir musiqi konsertlərinə marağının artmasında bədii rəhbəri olduğu və ilk dəfə 2007-ci ildə keçirilən "Zamanla üz-üzə" müasir musiqi layihəsinin yaradıcısı F.Qarayevin vətənində daha bir yaradıcılıq uğuru baş tutdu.

Samirə Behbudqızı

Medeniyyet.info