“Dəli yığıncağı”nın banisi – 60

“Dəli yığıncağı”nın banisi – 60

0 rəylər

“Dəli yığıncağı”nın banisi – 60

 

Söhbətin xalq artisti Bəxtiyar Xanızadə haqqında getdiyini yəqin ki, anlamayan olmadı. 1994-cü il mayın 16-da “Dəli yığıncağı” adlı teatr-studiyası ilə teatr məkanımızda pioner olan, 2000-ci ildə Dövlət Pantomima Teatrı kimi uğurlu fəaliyyətini davam etdirən bu sənət ocağının yaradıcısının yubileyində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevdən başlamış adi tamaşaçıya kimi hər kəs məmnunluq və qürurla iştirak etdi. “Qərib teatr diyarında 60” adlanan yubiley proqramının müəllifi teatrın truppasıdır. Özü də bu proqramı ustadlarına sürpriz olaraq hazırlayıblar. Və zəhmətləri boşa getməyib – saat 18:00-da başlanan qutlama 3 saata nə zaman vardığından xəbərimiz olmadı. Yubiley tədbiri hələ teatrın həyətində him-cimləşməyə başlamışdı – binanın özü, həyətdəki atributlar yubileysayağı görkəm almışdılar, mimlər də öz yerində olmaqla...

Nəhayət hamı zala daxil olub yerlərini tutandan sonra yubiley gecəsinin aparıcısı Bəxtiyar Xanızadənin ilk tələbələrindən biri, hazırda isə kinorejissor kimi tanınan Rövşən İsax ilk sözü Ədalət Vəliyevə verdi. Nazir müavini ürək sözlərini dilə gətirdi:

“Bəxtiyar Xanızadə bütün varlığı ilə Azərbaycan mədəniyyətinə, teatrına bağlı olan və xidmət etmiş şəxsdir. Mən Bəxtiyarı 1981-82-ci illərdə Tədris Teatrında işlədiyi dövrlərdən tanıyıram, xatırlayıram. Bəxtiyarın sonrakı teatr fəaliyyəti, çəkildiyi filmlər, tədrislə məşğul olduğu dövr, ən vacibi isə 1990-cı illərin əvvəlində Teatr Xadimləri İttifaqında ərsəyə gələn Monotamaşalar və “Him-Cim” Festivallarında ilk kursu ilə çıxış etdi. Bəxtiyar Xanızadə ASzərbaycan teatr sənətinə yenilik gətirdi. Teatrımızda o dövrədək mövcud olmayan yeni janrın əsasını qoydu. Bəxtiyar Xanızadə Sankt-Peterburqda aldığı təhsilin ilk imtahanını Azərbaycan tamaşaçıları qarşısında Füzuli irsinə həsr etdiyi tamaşa ilə nümayiş etdirdi. “Leyli və Məcnun”a müraciət edən Bəxtiyarın yaratdığı teatr studiyası sonralar Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərdi. Daha sonra isə Pantomima Teatrı Dövlət statusu aldı Bəxtiyar Xanızadə bu zaman çərçivəsində Azərbaycanı dünyanın bir çox ölkələrində təbliğ edib və pantomima sənətinin ölkəmizdə hansı səviyyədə olduğunu nümayiş etdirib. Bu sənətin mürəkkəbliyi bu sahədə əsər yazan dramaturqların yoxluğu ilə müşahidə olunduğu vaxtda, Bəxtiyar Xanızadə əvvəllər qismən, sonra isə tamamilə bu növdə ədəbi materiallar hazırlamağa başladı. Bəxtiyar bütün çətinlikləri öz üzərinə götürüb Pantomima Teatrını yaratdı və yaşatmağa davam edir. Bəxtiyar Xanızadə 60 yaşa yeni janr, yeni truppa, yeni ab-hava ilə gəlib. Illər ərzində bu truppa dəyişilib, yenilənib, başqa sahələrə gedənlər olub. Amma hər gediş Bəxtiyarı daha da möhkəmləndirib, həyata bağlayb, daha da mübariz edib. Bəxtiyar tələbələrinin üzərində illərlə əziyyət çəkib. Bəxtiyarı sevirlər, sayırlar, hörmət edirlər. Mədəniyyət və Turizm Nazirliyi adından Bəxtiyara “Fəxri Mədəniyyət İşçisi” döş nişanını və kitabçasını təqdim təqdim edirəm. Bəxtiyara yalnız can sağlığı arzulayıram. Sənin  növbəti yubileyinə qədər bu binanı bütünlüklə təmir edib Pantomima Teatrına təhvil vermək Mədəniyyət və Turizm Nazirliyinin ilk növbədə görəcəyi işlər sırasındadır. Ümid edirəm ki, bu binanın təmiri, yenidən qurulması tezliklə baş verəcək, 70 illik yubileyi gözləmək lazım gəlməyəcək”.

Yubilyar öz növbəsində təşəkkürünü bildirərək bunları söylədi:

“Bu teatrın 23 yaşı oldu. Teatrımızın yaranmasında Mədəniyyət Nazirliyinin və birbaşa nazir müavini Ədalət Vəliyevin xidmətləri danılmazdır. Məhz onun təqdimatı ilə biz əvvəl studiya, sonra isə teatr olduq. Bu, çox gözlənilməz xoşbəxtlik idi. Hər kəsə, əvvəlki Mədəniyyət Nazirliyinə, indiki Mədəniyyət və Turizm Naziriliyinə səmərəli fəaliyyət göstərməyimizə yaratdıqları şəraitə, zəhmətimizə verdikləri qiymətə görə dərin təşəkkürümü bildirirəm. Doğrudur, Gənc Tamaşaçılar Teatrının səhnəsindən fərqli olaraq burda bir qədər geniş miqyaslı mizan quranda darısqallıq hiss olunur. Amma bunun da yolunu tapmışıq. Sən demə, incəsənət adamını sıxanda meydana daha geniş imkanların çıxması fikri doğru imiş...

Yubiley gecəsi Bəxtiyar Xanızadənin teatrının truppa üzvlərinin və digər teatrların aktyorlarının təqdimatında müxtəlif məzmunlu səhnəciklər və sənət dostlarının ürək sözləri ilə davam etdi. Hər bir səhnəcik maraqla qarşılandı. Gecədə hökm sürən səmimi və yaradıcı ab-hava hər kəsə sirayət etmişdi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, kinorejissor Oqtay Mir-Qasım, teatr və kino aktyoru Fuad Poladov, rejissor Ramiz Həsənoğlu, teatr və kino aktrisası Gülzar Qurbanova, Pantomima Teatrının keçmiş aktyorları iştirak edirdilər.

 

Samirə Behbudqızı

Medeniyyet.info

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)