“Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabının təqdimatı və konfrans keçirildi

“Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabının təqdimatı və konfrans keçirildi

0 rəylər

Aprelin 4-də M.F.Axundzadə adına Milli Kitabxanada böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr edilən elmi konfrans və filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabının təqdimatı keçirildi.

Mədəniyyət Nazirliyi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə    

kitabxananın foyesində ədibin həyat və yaradıcılığına həsr olunan foto və müxtəlif nəşrlərdən ibarət sərgi ilə tanış oldular.

Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirdi ki, bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının yaradıcılıq işığına toplaşmışıq. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Cəfər Cabbarlının 120 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirdi ki, Cəfər Cabbarlı milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, ədəbi-mədəni, ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib. Yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verib. O, şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının mahir tərənnümçüsü olub. Onun zəngin bədii irsi müasirliyini və aktuallığını bu gün də qoruyub saxlayır. Müəllifin milli və bəşəri dəyərləri ifadə edən dramaturgiyası bu gün də Azərbaycan teatrının repertuarında yer alır.

İsa Həbibbəyli C.Cabbarlının teatr və kino sənətlərinin inkişafındakı böyük xidmətlərindən danışdı. Qeyd etdi ki, C.Cabbarlı təkrarsız yaradıcılığı ilə dramaturgiyamızın yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyub. Əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib. Uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayıb. O da diqqətə çatdırıldı ki, bu yubileyinin keçirilməsi Cabbarlı yaradıcılığına yenidən nəzər salmağa və yeni araşdırmalara yol açacaq.

Akademik elmi redaktoru olduğu “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabından da söz açdı, nəşri görkəmli ədibə həsr olunmuş dəyərli tədqiqat əsəri kimi səciyyələndirdi. Bildirdi ki, yaxın günlərdə oxucular professor Asif Rüstəmlinin tədqiqatları əsasında C.Cabbarlının ədəbi ictimaiyyətə məlum olmayan bır sıra yaradıcılıq nümunələri ilə də tanış olacaqlar.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev qeyd etdi ki, C.Cabbarlının 120 illik yubileyi ilə bağlı ölkə başçısının müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub. Tədbirlər planında il ərzində görkəmli ədibin yubileyinin mədəniyyət, elm və təhsil ocaqlarında keçirilməsi nəzərdə tutulur. Yubiley ili çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında C.Cabbarlının 120 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək. Həmçinin bu il böyük yazıçı-dramaturqla bağlı nəşr layihələri də planlaşdırılır.

Vaqif Əliyev onu da qeyd etdi ki, hər il olduğu kimi, bu il də görkəmli ədiblərin yubileyləri dövlət səviyyəsində qeyd olunacaq. Bütün bunlar ölkəmizdə söz sənətinə verilən dəyərin bariz göstəricisidir.

Tədbirdə daha sonra akademik Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və başqaları çıxış edərək böyük ədibin qısa, lakin zəngin yaradıcılıq yolundan söz açdılar.  Professor Asif Rüstəmlinin “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabından söz açan natiqlər bildiriblər ki, tədqiqat əsərində dramaturqun Azərbaycan Xalq Cümhuriyyəti dövründə, ondan əvvəlki və sonrakı fəaliyyəti, sovet rejiminə qarşı qeyri-leqal mübarizədə milli istiqlal hərəkatına (1920-1923) qoşulması, gizli “İstiqlal” (1922-1923) qəzetinin nəşr prosesində iştirakı və həbs olunması faktları zəngin arxiv materialları əsasında geniş işıqlandırılıb.

***

Çıxışlardan sonra elmi məruzələr başladı. Konfransda professor Şirindil Alışanlının “Cəfər Cabbarlı irsi zamanın və sənətin sınağında”, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərlinin “Cəfər Cabbarlı irsinə Heydər Əliyev qiyməti”, filologiya üzrə fəlsəfə doktoru, dosent Safura Quliyevanın “Cəfər Cabbarlının poeziyası”, filologiya üzrə fəlsəfə doktoru Tahir Məsimovun “Xarakterlər dramaturgiyası” mövzularında məruzələri dinlənildi.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)