Bolqarıstan mətbuatında Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa barədə məqalələr yer alıb

Bolqarıstan mətbuatında Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa barədə məqalələr yer alıb

0 rəylər

Bolqarıstanın nüfuzlu Cross Xəbər Agentliyinin internet səhifəsində və “Standart” qəzetində “Şuşa – Azərbaycan mədəniyyətinin paytaxtı” başlıqlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi barədə məlumat verilir.

Həmçinin Şuşanın istər yerləşdiyi coğrafi mövqe, istərsə də tarixi və mədəni imkanları baxımından Azərbaycan üçün strateji əhəmiyyəti, şəhərin Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir yer olmasından bəhs edilir.

Məqalədə Şuşanın yetişdirdiyi istedadlar – Azərbaycan ədəbiyyatına böyük töhfələr vermiş simalar, Azərbaycan musiqisinin yüksəlişinə səbəb olan Şuşanın məşhur xanəndələri, musiqiçilərinin adı sadalanır, Qarabağ muğam məktəbi xüsusi vurğulanır.

Yazıda mədəniyyət beşiyi olan Şuşa şəhəri barəsində məşhur yazıçı Aleksandr Dümanın "Qafqaz səfəri" əsərində də rast gəlindiyi qeyd olunur.

Məqalədə şəhərin zəngin və şanlı tarixi keçmişi, o cümlədən şəhərin salınması barədə məlumat verilir.

Məqalədə deyilir ki, Şuşanın abidələr şəhəri olduğunu söyləyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur".

Məqalənin sonunda Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətinə istinad edilib: "Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)