Beynəlxalq Muğam Mərkəzi ilə Polşa-Baltika Filarmoniyası arasında memorandum imzalanıb

Beynəlxalq Muğam Mərkəzi ilə Polşa-Baltika Filarmoniyası arasında memorandum imzalanıb

0 rəylər

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynovla Frederik Şopen adına Polşa-Baltika Filarmoniyasının direktoru, tanınmış orqan ifaçısı Roman Peruçki arasında videoformatda onlayn görüş keçirilib.

Beynəlxalq Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Murad Hüseynov BMM-nin konsert, beynəlxalq, nəzəri və elmi-tədqiqat fəaliyyəti haqqında məlumatı filarmoniya direktorunun nəzərinə çatdırıb.

Roman Peruçki öz növbəsində birgə mədəniyyət layihələrinin, konsertlərin keçirilməsini təklif edib.

Görüş zamanı pandemiyadan sonrakı dövrdə iki təşkilat arasında qarşılıqlı mədəniyyət mövsümlərinin keçirilməsi, əlavə bir sıra digər məsələlər müzakirə edilib. Müzakirələr zamanı müvafiq əməkdaşlığın genişləndirilməsi, o cümlədən, milli və klassik musiqinin təbliği baxımından iki qurum arasında qarşılıqlı əməkdaşlıq imkanlarının nəzərdə keçirilməsi məsələləri qaldırılıb.

Sonda Beynəlxalq Muğam Mərkəzi və Frederik Şopen adına Polşa-Baltika Filarmoniyası arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti çərçivəsində imzalanan saziş Azərbaycan milli musiqisinin həm ölkəmizdə, həm də xaricdə daha yaxından tanıdılması işində yeni maraqlı perspektivlər açır.

Qeyd edək ki, Frederik Şopen adına Polşa-Baltika Filarmoniyası Polşanın Qdansk şəhərində yerləşir və dünyanın ən nüfuzlu musiqi ocaqlarından biridir. Filarmoniyanın binası Olovyanka adasında 100 illik tarixi binada yerləşir. Filarmoniyanın nəzdində bir neçə musiqi kollektivləri fəaliyyət göstərir. Müəssisənin səsyazma studiyası Avropada ən yaxşı təchiz edilən studiyalardan biridir. Musiqi məbədinin möhtəşəm binası post-sənaye sahəsinin mədəni məqsədlər transformasiyası üçün Polşada tamamlanan ilk layihələrdən birincisidir. Filarmoniyanın tarixi 1945-ci ildən başlayır. Bu gün Polşa-Baltik Filarmoniyasının Simfonik Orkestri Polşanın aparıcı ansambllarından biridir və ölkənin ən böyük musiqi mərkəzi, milli və beynəlxalq miqyasda əhəmiyyətli ictimai və siyasi tədbirlərin keçirildiyi məkandır. Polşa-Baltik Filarmoniyası dünyanın ən məşhur dirijorları və musiqi qrupları ilə əməkdaşlıq edir.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)