Bakı Şopinq Festivalına həsr olunmuş mətbuat konfransı keçirildi

Bakı Şopinq Festivalına həsr olunmuş mətbuat konfransı keçirildi

0 rəylər

Medeniyyet.info Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər veri ki, martın 16-da “Four Seasons” hotelində Bakıda təşkil ediləcək Ticarət festivalına (“Shopping festival”) həsr olunmuş mətbuat konfransı keçirildi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirdi ki, Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də turizmin inkişafına xüsusi diqqət yetirilir, dövlətimiz tərəfindən bu istiqamətdə mühüm işlər görülür. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə əlaqədar olaraq bu sahədə bir sıra tədbirlər həyata keçirilir. Aprelin 10-dan mayın 10-dək ölkəmizdə keçiriləcək Bakı Şopinq Festivalı haqqında məlumat verən nazir diqqətə çatdırdı ki, festival dövlət başçısının qeyd olunan sərəncamı ilə yaradılan Azərbaycan Turizm Şurasının ilk layihəsidir. Hər il keçirilməsi nəzərdə tutulan festival turizmin inkişafı üçün yeni bir mərhələnin başlanması deməkdir: “Ticarət festivalı beynəlxalq təcrübəyə əsaslanaraq reallaşacaq. Tədbirin keçirilməsi təkcə ticarət deyil, ölkəmizin adət-ənənələri və tarixini tanıtmaq baxımından da öz müsbət tərəfləri ilə seçiləcək. Bakı Şopinq Festivalı Qafqazda və Orta Asiyada ilk təcrübə kimi tarixə yazılacaq”. Əbülfəs Qarayev qeyd etdi ki, hər bir ölkənin özünəməxsus turizm istiqaməti var: “Azərbaycanın strateji mövqeyini nəzərə alaraq biz real olaraq ticarət amilinin ölkəmizə kifayət qədər müsbət təsir göstərə biləcəyinə inanırıq. Ümumdünya Turizm Təşkilatının rəqəmlərinə nəzər salanda görürük ki, şopinq dünya turizm axınına 30-40 faiz təsir göstərir”. Qeyd olundu ki, festival çərçivəsində əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da “Tax-free” sistemindən istifadə edə biləcəklər və bu, dünya təcrübəsində bir ilkdir. Festivala bir çox qonşu ölkələrdən də maraq var. Bu ölkələr sırasında Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, İran, Türkiyə və digərlərini göstərmək olar. Nazir diqqətə çatdırdı ki, festivalın əsas məqsədlərindən biri də daxili turizmin təkanverici qüvvəsinə təsir etməkdir: “İnanırıq ki, bu təcrübə yaxşı əks-səda doğuracaq. Festivalın keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilib və təşkilati məsələləri nazirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu həyata keçirəcək. Bundan əlavə, festivalın keçirilməsində müvafiq qurumlar da yaxından iştirak edərək öz töhfələrini verəcəklər”. Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirdi ki, ölkə rəhbərinin 2017-ci il fevralın 20-də imzaladığı “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman festivalın yüksək səviyyədə təşkilinə böyük təsir göstərəcək. Əlavə dəyər vergisinin (ƏDV) qaytarılması qaydaları Bakı Şopinq Festiavlı zamanı festivalın iştirakçısı olan ticarət nöqtələrində tətbiq ediləcək. Bu kampaniyadan yalnız festivalda iştirak qeydiyyatından və Vergilər Nazirliyində qeydiyyatdan keçmiş iştirakçı-sahibkarlar mal aldıqları zaman yararlana biləcəklər. Festivalda iştirak edən həmin mağazalar “Tax free” nişanı ilə fərqlənəcək. Azərbaycan Konqreslər Bürosu idarə heyətinin sədri Ülviyyə Mirqasımova nəzərə çatdırdı ki, büro festivalın yüksək səviyyədə və səmərəli təşkili üçün öz peşəkar mütəxəssisləri və işçi heyəti ilə bayram və istirahət günlərində də ənənəvi iş rejimində çalışacaq. Festivalın rəsmi internet saytı www.bakushopfest.com Azərbaycan, ərəb, ingilis, rus və fars dillərində fəaliyyət göstərəcək. Saytda festival iştirakçılarının qeydiyyatı, onları maraqlandıran informasiyalar və festivalla bağlı bütün məlumatlar yer alacaq. İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova festivala hazırlıqla bağlı danışarkən vurğuladı ki, tədbir turizm sektorunun inkişafına təkan verəcək. Bildirdi ki, turizm anlamında mövsüm dövrü deyilən bir anlayış var ki, aprel və may ayları da turizmin aşağı temp sayılan mövsümü sırasına daxildir. Festivalın məhz bu dövrdə keçirilməsi də aşağı dövr turizm mövsümünə canlanma gətirməkdən ibarətdir. Sahibkarlar festivalın internet saytında qeydiyyatdan keçərək iştirakçı statusu almaqla öz məhsullarını paytaxtımıza gələcək minlərlə turistə təqdim etmək imkanı qazana bilərlər. Nazir müavini həmçinin diqqətə çatdırdı ki, təkcə qeydiyyatdan keçən sahibkarlar deyil, ticarətin müxtəlif növü ilə məşğul olanlar da festival günlərində öz mağazalarında endirimlər etməklə bu layihədən yararlana bilərlər. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova çıxış edərək Mədəniyyət və Turizm Nazirliyi ilə festivalın təşkilində birgə görüləcək işlər haqqında məlumat verdi. Bildirdi ki, festival günlərində maraqlı mədəni tədbirlərin keçirilməsi üçün əsas parklarda şərait yaradılacaq, paytaxtın mərkəzi küçələri, mehmanxana və ticarət mərkəzlərində informasiya köşkləri qurulacaq, Çağrı mərkəzi istifadəyə veriləcək. Bundan əlavə, nazirliyin göstərişi ilə Dənizkənarı Milli Park, İçərişəhər və mərkəzi küçələrdə sərgi-yarmarkalar fəaliyyət göstərəcək. Daha sonra nazir Əbülfəs Qarayev diqqətə çatdırdı ki, ticarət festivalı aksizli məhsullar, qızıl, qida və avtomobillərə şamil edilməyəcək. ƏDV-nin qaytarılması isə şopinq mərkəzlərində quraşdırılan xüsusi məntəqələrdə həyata keçiriləcək. Bildirildi ki, hazırda Azərbaycan ərazisində 254 obyekt "Tax free" sistemi ilə əhatə olunub və Azərbaycanda tətbiq olunan "Tax free" sistemi daha rahat və effektivdir. Festival günlərində “Tax-free” sistemi üzrə ƏDV-nin qaytarılması ən azı 100 manat məbləğində mallar əldə edən yerli vətəndaşlara tətbiq olunacaq. O da diqqətə çatdırıldı ki, festivalda iştirak üçün ödəniləcək minimum məbləğ 1100 manat təşkil edir. Növbəti Bakı Şopinq Festivalı isə oktyabr ayına planlaşdırılır. Nazir həmçinin vurğuladı ki, xarici ölkə vətəndaşlarının Azərbaycana daxil olduqda şəxsi avtomobillərinə görə ödədikləri depozitlə bağlı Turizm Şurasında xüsusi müzakirə aparılıb: “Azərbaycana digər nəqliyyat vasitəsilə gələn insanların əlavə ödənişlərdən azad olunması məsələsi müzakirə edilib. Hazırda bu istiqamətdə müvafiq işlər gedir və yaya qədər təkliflər formalaşacaq. Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sərhəd Xidməti ilə birlikdə bu sahədə yeni qanun layihəsi hazırlanacaq”. Sonda festivalın Təşkilat komitəsinin üzvləri jurnalistləri maraqlandıran sualları cavablandırdılar. Mətbuat konfransı festivalın yerli televiziya kanalları və xarici dövlətlərdə yayımlanacaq reklam çarxının nümayişi ilə yekunlaşdı.

Samirə

 

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)