Azərbaycanda mədəniyyət və yaradıcılığın innovasiyalara və inkişafa nə dərəcədə töhfə verdiyi müzakirə olunacaq

Azərbaycanda mədəniyyət və yaradıcılığın innovasiyalara və inkişafa nə dərəcədə töhfə verdiyi müzakirə olunacaq

0 rəylər

Medeniyyet.info British Council-in Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki,  25-26 oktyabr tarixlərində saat 17:00-da Daş Salnamə Muzeyində baş tutacaq "İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq" Milli Mədəniyyət Forumu zamanı yerli və beynəlxalq ekspertlər Avropa ölkələrinin və Azərbaycanın mədəniyyət sahəsinə aid qabaqcıl təcrübələri müzakirə edəcək. Forum Avropa İttifaqının Şərq Tərəfdaşlığı "Mədəniyyət və Yaradıcılıq" Proqramı tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq şəraitində təşkil olunur. Yaradıcılıq sektoru iqtisadiyyatın ən sürətlə inkişaf edən sahələrindən biridir.  Avropa İttifaqı ölkələrində onun payına düşən ÜDM 4.2% təşkil edir. Forum zamanı Azərbaycanda yaradıcılıq sahələrinin inkişafının əsas mərhələləri müəyyən ediləcək.

 

Nümayəndələr aşağıdakı məsələlər barədə məlumat verəcək:

 

  •  Mədəniyyətin ölkələrin rifahına müsbət təsir göstərməsi, insan kapitalının artırılması kimi əhəmiyyətli dividentlərin əldə edilməsinə imkan yaratması
  • Sözügedən sektorun inkişafının gənc nəslin məşğulluq göstəricilərinə təsiri
  • Azərbaycanın resurslarını rəqabətədavamlı və dayanıqlı mədəniyyət və yaradıcılıq sahələrinə çevirməyin yolları

 

Bundan əlavə, iki mühüm araşdırmanın nəticələri təqdim olunacaq:

 

  • UNESCO-nun mədəniyyətin inkişafı üçün müəyyən etdiyi göstəricilərin Azərbaycanda araşdırılmasının nəticələri. Onları beynəlxalq ekspert Saymon Ellis (Mədəniyyət və Yaradıcılıq Proqramı, UNESCO-nun mədəniyyət göstəriciləri təşəbbüsü (Kanada)) təqdim edəcək.
  • Azərbaycanda yaradıcılıq sahəsinin inkişaf etdirilməsi ilə bağlı tövsiyələr. Araşdırma Portuqaliyadan olan ekspert Kristina Farinxa tərəfindən aparılmışdır.

 

25 oktyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Sabah Qruplarının, habelə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin, "Azercell" Telekom MMC-nin və “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin dəstəyi ilə yaradıcı biznesin inkişafı üzrə "TeamLab Azərbaycan" praktik seminarı təşkil olunacaq. Sözügedən seminarda 50 tələbə iştirak edəcək və onlar təcrübəli mentorlar ilə birlikdə yaradıcı biznes ideyalar üzərində işləyəcəklər.

 

Forumda iştirak etmək üçün 18 oktyabr tarixinədək onlayn formada qeydiyyatdan keçmək xahiş olunur: http://bit.ly/FORUM_AZ. 23 oktyabr tarixinədək sizə iştirakın təsdiqi barədə məlumat veriləcək. Təfsilatlar: https://www.culturepartnership.eu/article/forum-az

KİV nümayəndələrinin qeydiyyatı üçün əlaqə məlumatlarınızı (KİV-in adı, SAA, əlaqə telefonu) yn@yeninesil.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur

Samirə