Avropa Şurasının nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyində olub

Avropa Şurasının nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyində olub

0 rəylər

Medeniyyet.info Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 6-da Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitəsinin bir qrup ekspertindən ibarət nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyində olmuşlar. Nümayəndə heyətini qəbul edən nazir müavini Sevda Məmmədəliyeva qonaqları salamlayaraq, ölkəmizin Avropa Şurası ilə mədəniyyət və turizm sahələrində olan münasibətlərinin inkişafından danışdı. S.Məmmədəliyeva 2008-ci ildə Bakıda keçirilmiş Avropa Şurasının mədəniyyət nazirlərinin görüşünü xatırladaraq, həmin ildən bəri Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Bakı Prosesi çərçivəsində 2011, 2013, 2015 və 2017-ci illərdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarında və digər qlobal tədbirlərdə Avropa Şurasının iştirakını və tərəfdaşlığını qeyd etdi. Daha sonra görüşün əsas mövzusu olan milli azlıqların mədəni həyatının dəstəklənməsi istiqamətində atılan addımlar müzakirə edildi. Hər iki ildən bir möhtəşəm şəkildə keçirilən milli azlıqların mədəni festivalı haqqında məlumat alan qonaqlar gələn il keçiriləcək festivala da dəvət edildilər. Milli azlıqların musiqi atlasının yaradılması da Nazirliyin əlamətdar layihələrindən biri kimi qeyd edildi. Bildirildi ki, Azərbaycanın 2010-cu ildən “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 2005-ci ildə Paris şəhərində qəbul edilmiş YUNESKO Konvensiyasına qoşulması, milli azlıqların mədəniyyətlərinə qayğı siyasətinin növbəti təzahürüdür. Görüşdə qonaqları maraqlandıran suallar cavablandırıldı. Qonaqlar səmimi qəbula görə öz təşəkkürünü bildirdilər.

Samirə