Argentina Respublikasının Azərbaycandakı səfiri Azərbaycan Milli Kitabxanasında olub

Argentina Respublikasının Azərbaycandakı səfiri Azərbaycan Milli Kitabxanasında olub

0 rəylər

Oktyabrın 8-də Argentina Respublikasının Azərbaycandakı səfiri Sergio Perez Gunella və Mədəniyyət məsələləri üzrə səfirin müavini Korina Beatriz Azərbaycan Milli Kitabxanasında olmuşlar. Qonağı Milli Kitabxanaın direktoru Kərim Tahirov qarşılayaraq səfirin kitabxanada olmasından məmnunluq duyduğunu bildirmişdir.

Görüş zamanı hər iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin qurulmasının vacibliyini vurğulayan səfir qeyd etmişdir ki, kitablar bir ölkənin mədəniyyətinin əsas təmsilçisidir. Ölkələr arasındakı əməkdaşlığın ən başlıca yollarından biri də kitabxanalar arasındakı qarşılıqlı əlaqələrdir. Görüş zamanı səfir yaxın zamanlarda Azərbaycan Milli Kitabxanası ilə Argentina Milli Kitabxanası arasında Anlaşma Memorandumunun imzalanması ilə bu əlaqələrin daha da inkişaf etdiriləcəyini bildirdi.

Direktor Kərim Tahirov qeyd etdi ki, Anlaşma Memorandumu artıq Argentina Milli Kitabxanası ilə razılaşdırılıb və imzalanmaq üçün hazırdır. O həmçinin əlavə etdi ki, hər iki ildən bir keçirilən beynəlxalq kitab sərgi-yarmarkasına kitabxananın qarşılıqlı əməkdaşlıq etdiyi ölkələrin milli kitabxanaları dəvət olunurlar. İnanırıq ki, Anlaşma Memorandumu imzalandıqdan sonra Argentina Milli Kitabxanasının ekspozisiyası da növbəti sərgidə öz yerini alacaq. Direktor qeyd etdi ki, Anlaşma Memorandumunun əsas istiqamətlərini kitab, informasiya, mütəxəssis və təcrübə mübadiləsi, həmçinin qarşılıqlı tədbirlərin keçirilməsi təşkil edir.

Səfir daha sonra müəlliflik hüquqları və elektron resurslarla bağlı onu maraqlandıran suallarını direktora ünvanlamışdır. Kərim Tahirov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin verdiyi Sərəncamla artıq ölkə ərazisində nəşr olunan bütün çap məhsullarının elektron versiyalarının da Milli Kitabxanaya veriləcəyini və bununla da elektron kitabxananın daha da zənginləşəcəyini bildirdi. Bu resurslar “Müəlliflik hüquqları və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanununa uyğun şəkildə Milli Kitabxananın saytında yerləşdiriləcək və istifadəçilər üçün əlçatan olacaq.

Daha sonra Milli Kitabxanada ekskursiya edən səfir və səfir müavini Kitabxanadakı iş prosesləri ilə yaxından maraqlanmışlar. Kitabxananın Elektron kataloq və Elektron kitabxanası onlarda böyük maraq oyatmışdır, səfir kitabxanada tətbiq olunan elektronlaşma prosesinə böyük önəm vermişdir. Qonaqlar Milli Kitabxananın Nadir Kitablar və Kitabxana muzeyi, həmçinin Kitab fondlarının mühafizəsi şöbələrində olaraq Milli Kitabxananın kitab kolleksiyaları ilə tanış olmuş, Açıq kitabxananı ziyarət etmiş və xatirə kitabına öz ürək sözlərini yazmışlar.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)