87 yaşlı Kukla Teatrının əzmli mövsüm yekunu

87 yaşlı Kukla Teatrının əzmli mövsüm yekunu

0 rəylər

Sevdiyi işlə məsuliyyətlə məşğul olan kəs üçün ideyalarının, düşüncələrinin, qənaətlərinin, zövqünün gerçəkləşdiyinin şahidi olmaqdan daha böyük məmnunluq ola bilməz. İyirmi illik publisist fəaliyyətim ərzində zaman-zaman Kukla Teatrımızın mükəmməllik pilləsinə çatmasını – tamaşalarının musiqi hissəsinin məxsusi bəstələnməsi və ya mütləq şəkildə uşaq musiqisi nümunələrinin arasından seçilməsi, səsgücləndiricilərin qulaqbatıran dərəcəyə qoyulmaması, kukla teatrının repertuarının təkcə uşaqları deyil, həm də böyükləri nəzərdə tutmalı olması, tamaşaya qoyulan əsərlərə daha yaradıcı münasibətin vacibliyini vurğulayaraq təəssübünü çəkmişəm. Məhz Kukla Teatrı gələcək teatral tamaşaçıların ayaq tutub yeriməyi öyrəndiyi məkandır. Buna görə burda bütün cəhətlər ən incə yanaşma tələb edir. Xüsusən əgər teatr Abdulla Şaiq kimi əvəzsiz uşaq ədibinin adını daşıyırsa. Bu gün bu teatr bütün meyarlar üzrə ürəkaçan, gözoxşayan dövrünü yaşayır. Və 87-ci mövsümünü yeni yaradıcı axtarışlar əzmi ilə tarixə yazdı.

Bu il İyulun 11-nə təsadüf edən ənənəvi yekun tədbiri yığcam olduğu qədər rəngarəng və məzmunlu keçdi. Əvvəlcə səhnə teatrın nəzdində fəaliyyət göstərən, artıq öz siması ilə seçilməyi bacaran “Oyuq” teatr-studiyasının üzvlərinin ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısına qərq oldu. Daha sonra teatrın baş rəssamı İqbal Əliyev mərasimi açıq élan edərək sözü teatrın direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadəyə verdi. O, teatrın ötən mövsüm ərzində beş tamaşa təhvil verdiyini və üç beynəlxalq festivalda iştirak etdiyini ruh yüksəkliyi ilə, teatrın iki əməkdaşının fəxri ada, ikisinin isə Prezident mükafatına layiq görüldüyünü, teatr-konsert müəssisələrində çalışanların əməkhaqlarının artırıldığını ölkə rəhbərliyinə minnətdarlıqla vurğulayaraq tədbir iştirakçılarının yaddaşını təzələyəndən sonra mükafatlandırma mərasiminə start verildi. Bədii Şuranın qərarı ilə “Oyuq” teatr-studiyası (11 nəfər) da daxil olmaqla teatrın əməkdaşlarına (7 nəfər) “ilin sevilən aktrisası”, “ilin sevilən aktyoru”, “ilin ən zəhmətkeş aktyoru”, “ilin ən məhsuldar əməkdaşı”, “ən uğurlu debüt” və digər nominasiyalar üzrə həvəsləndirici mükafatlar və Fəxri Fərmanlar təqdim olundu.

Və təbii ki, son illərin təqdirəlayiq ənənələrindən olan 22 iyul Milli Mətbuat Günü ərəfəsində baş tutan mövsüm bağlanışı mərasimində “dördüncü hakimiyyət”in təmsilçiləri də yaddan çıxmadılar. Dövlət Kukla Teatrı bu il 18 nəfər həmkarımızı “Teatrın dostu” şərəfli adı ilə sevindirdi. Mərasimdə həmçinin "Kukla teatrının rəmzi Cırtdan" mükafatı da sahiblərini tapdı. 87-ci mövsümün yekun tədbiri “Oyuq” teatr-studiyasının gözəl çıxışları ilə müşayiət olundu.

Samirə Behbudqızı

medeniyyet.info

 

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)