Kino Agentliyi – Azərbaycan kinosunun yeni həyatı

Kino Agentliyi – Azərbaycan kinosunun yeni həyatı

0 rəylər

“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik) yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Agentlik Azərbaycan Respublikasında kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində fəaliyyət göstərən, Nazirliyin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir;

2.2. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

2.3. Agentliyin fəaliyyətinə cari rəhbərliyi Baş direktor həyata keçirir.

3. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

3.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması;

3.1.3. Agentliyin yenidən təşkili və ləğvi;

3.2. Nazirliyə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsinin vəsaiti və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. iki ay müddətində:

5.1.1. Agentliyin nizamnaməsinin layihəsini və nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.1.2. Agentliyin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görsün;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Nazirlik:

6.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

6.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2022-ci il

2 Avqust – Milli Kino Günündə kinematoqrafçılarımızı həm də çoxdan arzuladıqları və gözlədikləri belə bir Agentliyin yaradılması ilə də təbrik edirk.

Fərmanın imzalanmasından on gün sonra mətbuata açıqlamasında mədəniyyət naziri Anar Kərimov Kino Agentliyinin fəaliyyətinin özəl sektorun bu sahəyə cəlb edilməsində, kino sənayesinin inkişafında böyük rol oynayacağını, milli kinonun inkişafına önəmli töhfə verəcəyini, kino sahəsində çalışan insanların peşəkarlığının artmasında öz sözünü deyəcəyini, beynəlxalq tərəfdaş və strukturlarla əməkdaşlığı gücləndirəcəyini, eyni zamanda, digər əcnəbi təşkilatlarla əməkdaşlıq edəcəyini, fondların dayağına güvənəcəyini, bir sözlə, Kino Agentliyinin fəaliyyətinin sayəsində keyfiyyətli filmlərin ərsəyə gəlməsindıən ötrü münbit şəraitin yaranacağını qeyd edib.         

Medeniyyet.info olaraq kino xadimlərimizin Kino Agentliyini necə təsəvvür etdiklərini və agentliyin işindən nələri gözlədiklərini xəbər aldıq.

Firəngiz Qurbanova, kino rəssamı, animasiya rejissoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, “Birlik” animasiya studiyasının rəhbəri, Azərbaycanın əməkdar incəsənət xadimi:

"Təbii ki, Kino Agentliyinin yaradılması bütün kino xadimlərinin ürəyincə olan, çoxdan gözlədikləri hadisədir. Ümid edirəm, Fərmanda nəzərdə tutulan məsələlər kağız üzərində qalmayacaq. Bir də çox istərdm ki, bu vaxta qədər müşahidə edilən nəsillər arasındakı əlaqəsizlik Agentliyin işində də yer almasın - bizim bilik və təcrübəmizi gənc nəslə ötürməyimizə şərait yaradılmalıdır ki, kinomuzun inkişafı yarımçıq olmasın...".

Nizami Abbas, operator, rejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi:

"Hələ sovetlər dönəmində kino ictimaiyyətini birləşdirən qurumlar hər zaman müstəqil olublar. Məsələn, "Azərkinovideo" İstehsalat Birliyi yalnız Nazirlər Kabinetinin tabeliyində idi. Kino Agentliyi kimi bir qurumun yaradılmasının zəruriliyini Peşəkar Kinorejissorlar Gildiyasının üzvləri olaraq hər zaman diqqətə çatdırmışıq. Çünki belə bir təşkilatın olması kino istehsalında müstəqil yaradıcı düşüncənin mütləqliyini nəzərdə tutur. Bu isə keyfiyyətli kinonun formalaşması anlamına gəlir. Çünki əsl sənət yalnız azad təfəkkürün nəticəsi olaraq meydana çıxa bilər. İncəsənət tarxi də bunu sübut edir. Bütün dünya ölkələrində kino istehsalı sistemi belə qurulub. Ən çətin addım ilk addımdır. İlk addım o qədər doğru atılmalıdır ki, sonrakı addımlarda yanlışlıq olmasın. Yaxşı olardı ki, Kino Agentliyinin işində diktə amilinə yer qalmasın. Müstəqil yaradıcı düşüncəyə meydan verilsin. Kino Agentliyi hər hansı məmurun göstərişi ilə fəaliyyət göstərən təşkilat olmamalıdır. Çəkiləcək filmlərin milliliyi, orijinallığı əsas amil olmalıdır. Bir də, Fərmanda nəzərdə tutulduğu kimi yeni kadrların formalaşdırılmasına xüsusi fikir verilməlidir. İlk növbədə öz kadrlarımızdan istifadə olunmalıdır. Kino sənəti inkişaf etmiş keçmiş SSRİ respublikalarına nəzər yetirsək, görərik ki, film istehsalının əsas yükünü məhz yerli kino mütəxəssisləri çəkirlər. Rəhmətlik Adil İsgəndərov kinostudiyanın direktoru olanda məhz bu prinsiplə işləyirdi. Təbii ki, söhbət, xaricdən yüksək ixtisaslı ustad kinematoqrafçını hər hansı filmimizin çəkilişinə dəvət etməkdən getmir – bu halda belə bir peşəkarla işləməyin özü çəkiliş heyəti üçün məktəb ola bilər. Biz hamımız kinostudiyanın istehsalat prosesində bu sənətin incəliklərinə yiyələnmiş insanlarıq. Lazımi vaxtda o prosesin içində olmasaydıq, nəzəri biliklərimizin heç bir əhəmiyyəti olmazdı. 

Əli İsa Cabbarov, kinorejissor, ssenari müəllifi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi:

“Kino Agentliyi bir vasitədi. Onun vasitəsilə məqsədlərə çatmaq da olar, effektsiz də ola bilər. Kadr seçimindən çox şey asılıdır. Dövlət orqanlarının səsləndirdiyi çatışmazlıqlar aradan qalxmalıdı. Ümumi maraqlar naminə işləyə bilən adamlar komandaya dəvət olunmalıdırlar”.

Pərviz Məmmədov, ssenari müəllifi:

“Kino böyük, geniş bir sahədir. Belə bir sahəni idarə edən qurumun Mədəniyyət Nazirliyində kiçik bir şöbə ilə əlaqəli olması, əlbəttə ki, effektli ola bilməzdi. Və kinomuzun inkişafının hansı səviyyədə olmasında biz bunu aydın görürük. Sözsüz ki, Kino Agentliyinin yaranması, kino sahəsinin ayrılıb müstəqil olması çox təqdirəlayiq haldır. Fərmanda qeyd olunan bəndlərin hər birinin öz həllini tapmasını gözləyirik. Bu baş verərsə, kinomuz yeni inkişaf pilləsinə qədəm qoyacaq. Ona görə Kino Agentliyinin yaradılması Azərbaycan kinematoqrafçıları üçün istənilən halda ümidverici hadisədir”. 

Məncə kinomuz 43 dəfə baxdığımız "Bəyin oğurlanması" filminin qəhrəmanlarından birinin dediyi "bu kino ki var, bu çox qəliz məsələdir, həm qəlizdir, həm də ki vacib" sitatının birinci hissəsində anlaşılmaz dayanıqlılıq nümayiş etdirməyini tərgitməli və iqtibasın ikinci hissəsinə köklənməlidir. Və kino sahəsinin müstəqil həyatının başladığı indiki dövrdə bu labüddür.
Kino Agentliyinə gəldikdə isə, inanaq ki, yeni qurumun komandası ən kütləvi incəsənət növünün bundan sonrakı inkişafında üzərinə düşən məsuliyyəti dərindən anlayan, peşəkarlıq, bilik, təcrübə, istedad, bacarıq, həvəs, özünəməxsus baxış bucağı, orijinal ifadə xüsusiyyəti kimi son dərəcə vacib keyfiyyətləri dəyərləndirməyin öhdəsindən gəlib məhz bu cür kinematoqrafçılara çəkiliş meydanı verən mütəxəssislərdən ibarət olacaq. 

Samirə Behbudqızı
medeniyyet.info

 


Paylaş: