Yaponiyada Hina matsuri – Oyuncaqlar bayramı qeyd olunur

Yaponiyada Hina matsuri – Oyuncaqlar bayramı qeyd olunur

0 rəylər

Martın 3-də Yaponiyada Hina matsuri və ya qızların sevimli Oyuncaqlar bayramı qeyd edilir. Bu bayram həmçinin “Şaftalı çiçəyi bayramı” adı da daşıyır.

AZƏRTAC xəbər verir ki, Çindən gələn in və yan (qaranlıq və işıq) fəlsəfəsinə əsasən bu bayram Yaponiya İmperator sarayında fəsillərin dəyişməsi bayramı – sekku kimi qeyd edilib. Bayram zamanı xüsusən qızların yaşadığı evlərdə hazırlanan taxtda oyuncaqlar düzülür və uşaqların sağlam böyümələri və rifahı üçün dualar edilir. Bu qədim bayram bütün dünyada ənənəvi tətbiqi sənətin parlaq nümunəsi kimi də qəbul edilir.

Qədim yapon ənənələrinə görə beş belə bayram mövcud idi – birinci ayın yeddinci günü, üçüncü ayın üçüncü günü, beşinci ayın beşinci günü və doqquzuncu ayın doqquzuncu günü. Həmin günlərdə müxtəlif mərasimlər keçirilir, xüsusi bayram yeməkləri hazırlanırdı. Qədim təmizlik ənənələrinə uyğun olaraq, bütün natəmizlik, xəstəlik və digərləri kağızdan hazırlanan insan şəkilli oyuncaqlara köçürülür və həmin oyuncaqlar çayla axıdılırdı.

Qədim yapon ədəbiyyatında hinaaşobi adlı oyuncaqlardan danışılır. Bu gün davam edən və qızlar üçün quraşdırılan hina-ninqyo oyuncaqlarının kökünün məhz həmin bayramdan götürdüyü güman edilir.

“Şaftalı çiçəyi bayramı” adına gəldikdə isə, Günəş təqviminə görə üçüncü ay şaftalının çiçəkləmə vaxtıdır. Bir çox Asiya ölkələrində şaftalı qəzəbli ruhları qovmaq gücünə malikdir və onun çiçəkləri “Qızlar gününün” əsas atributlarından biri sayılır. Beləliklə, “Şaftalı çiçəyi bayramı” yaponlar üçün baharın rəmzi xarakterini alır və ağacların çiçəkləməsi dövrünə təsadüf edir.

Qeyd edək ki, bu bayramın ən əsas məqamı hina-ninqyo oyuncaqlarının sərgisi hesab edilir. Qız uşağı olan ailələrdə həmin oyuncaqları düzmək üçün xüsusi taxt düzəldilir. Taxtın üstü qırmızı parça ilə örtülür və onun üzərində İmperator sarayının sakinlərini əks etdirən oyuncaqlar yerləşdirilir. Taxtın ən yuxarı hissəsində, adətən İmperator və İmperatriçəni əks etdirən oyuncaqlar qoyulur. Onlardan aşağıda İmperatriçəyə qulluq edən üç xanım, beş musiqiçi və digər əshabələr yerləşdirlir. Oyuncaqlar, adətən bayramdan çox əvvəl düzülür, lakin bayram başa çatan kimi dərhal yığışdırılır. Belə güman edilir ki, əgər oyuncaqlar tez götürülərsə, onda qızlar daha tez ərə gedərlər.

Hina matsuri üçün oyuncaqlar dəstinə Yaponiyada hina-kacari (bəzəkli oyuncaqlar) də deyilir. Əvvəlcə Kyotonun saray dairələrində yayılmış bu bayram, XVIII əsrdən başlayaraq bütün Yaponiyada qeyd edilir. İstənilən ailədə dünyaya qız uşağı gələn kimi, həmin ailə belə bir oyuncaq dəsti alır. Bəzən bu oyuncaqların nəsildən-nəslə ötürüldüyü də bildirilir. Həmin dəstin qızlara cehiz kimi verildiyi hallar da məlumdur. Öz gözəlliyinə və çox baha olduğuna görə bu dəst ev əşyaları arasında xüsusi yer tutur. Bəzi belə dəstlərin qədim mədəniyyət nümunəsi kimi dəyərinin çox baha olduğu da qeyd edilir. Hina-kacari dəsti həm qızlar, həm də onların ailəsi üçün xüsusi qiymətə malikdir.

Son illər Yaponiyada xüsusi xidmət tələb etməyən və şüşə qapaq altında yerləşdirilən dəstlərə daha çox üstünlük verilir. Bəzən bu dəstlər yalnız iki əsas oyuncaqdan ibarət olur. Demək olar ki, Yaponiyanın bütün şəhərlərində belə oyuncaqlar satan xüsusi mağazalar var.

Bayram günlərində uşaqlar xüsusi hazırlanmış yeməklər üçün bir yerə toplaşır və çiraşisuşi, hamaquri - molyuska supu, hişimoçi – yapon şirniyyatı və digər ləzzətli qidalara qonaq olurlar. Bir çox regionlarda hələ də xəstəliyi və bədbəxtliyi uzaqlaşdırmaq üçün oyuncaqların çaya atılması ənənəsi davam edir.

Bu bayram qızlara həsr olunsa da, əsasən patriarxal hesab edilən Yaponiya cəmiyyətində qadınlara xüsusi diqqət ayırmaq üçün bir vasitəyə çevrilib. Həmin tədbirlərdə əsas rol da əsasən qadınlara ayrılır.

Cari ildə yeni koronavirusun yaratdığı narahatlığa və hökumətin kütləvi tədbirlərin keçirilməməsi barədə tövsiyəsinə baxmayaraq, bir çox məbədlərdə və mədəniyyət müəssisələrində hina oyuncaqlarının sərgisi təşkil edilib.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)