“Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı kitab – “Nizami Gəncəvi İli”nə ən gözəl töhfə

“Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı kitab – “Nizami Gəncəvi İli”nə ən gözəl töhfə

0 rəylər

“Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı kitab – “Nizami Gəncəvi İli”nə ən gözəl töhfə

07 dekabr 2021-ci il tarixdə İçəri şəhərdə  Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş  yekun ümumrespublika elmi-praktik konfransı keçirilmişdir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzi tərəfindən təşkil edilmiş konfrans çərçivəsində respublikamızın tanınmış Nizamişünas alimləri və klassik Azərbaycan, eləcə də rus tədqiqatçılarının elmi araşdırmalarının toplandığı “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə” adlı 1028 səhifədən ibarət kitab təqdim olunmuşdur. Kitabın elmi redaktoru Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, işçi qrupun rəhbəri isə Elm şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent İradə Musayevadır.

 Kitab iki fəsildən ibarətdir. Birinci fəsildə klassik tədqiqatçıların əsərləri, ikinci fəsildə isə müasir araşdırmaçıların məqalələri yer alıb. 1930-1940-1950-ci illərdə  çap olunmuş müxtəlif qəzet-jurnal səhifələrindən, almanaxlardan, elmi məqalələr toplusundan seçdiyimiz materialları latın əlifbasında yenidən yazaraq kitabın birinci fəslinə daxil etmişik. 1960-1980-ci illərdə çap olunmuş tədqiqatların isə bəziləri klassik tədqiqatlar bölümündə, bəziləri isə müasir tədqiqatlar fəslində yer alıb. Onu da qeyd edim ki, məlum dövrdə (1930-1940-cı illərdə) sovet ideologiyası və Stalin tezislərinin təkcə siyasətdə deyil, elm, təhsil, sənət, xüsusən də ədəbiyyatda hökmranlıq etməsi Nizami haqqında yazılan məqalə və kitablarda da iz qoyub. Hər araşdırmaçı məqaləsinin əvvəlində və ya sonunda 2-3 cümləlik fikirdə marksizm-leninizm ideologiyasından və Stalinin ədəbiyyata qayğısından, ədəbiyyatda beynəlmiləlçilik tendensiyasından bəhs edib. Əlbəttə, mövcud rejimi xatırlayanda bu jestləri anlamaq olur. Və biz həmin müəlliflərin mətninə toxunmamağı, orijinala sədaqətli olmağı qərara aldıq.

Kitabın I fəsli “Nizami Gəncəvi klassik araşdırmalarda”, II fəsli “Nizami Gəncəvi müasir tədqiqlərdə” adlanır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, UNESCO üzrə Azərbaycan  Respublikasının Milli Komissiyasının Daimi Katibliyinin əməkdaşı Mustafa Şabanovun “Numizmatika, faleristika  və filateliyada “Nizami Gəncəvi” mövzusu” adlı iri həcmli araşdırmasında isə numizmatika (bonistika daxil olmaqla), faleristika və filateliyada (filakartiya daxil olmaqla) böyük şairimiz və onun yaradıcılığı ilə əlaqəli əşyalardan bəhs olunur. (Tarix fənləri hesab olunan numizmatika sikkələr; bonistika pul əsginasları; faleristika medal və nişanlar; filateliya poçt markaları və zərfləri; filakartiya isə poçt kartlarından (açıqcalardan) bəhs edən elm sahəsidir. Yaxın elmlər olduqları üçün bonistikaya numizmatikanın bir qolu, filakartiyaya isə filateliyanın bir qolu kimi baxılır. Faleristika isə ötən əsrin 70-ci illərində müstəqil bir elm kimi numizmatikadan ayrılmışdır). Qeyd edək ki, N.Gəncəvi və onun yaradıcılığı qeyd etdiyimiz sahələr üzrə ilk dəfə araşdırılır.

Kitabda Azərbaycan, rus, ingilis dilində məqalələr yer alıb. İnanırıq ki, kitabdan elmi-mədəni, geniş  ictimai auditoriya, həmçinin ali məktəblərin müəllim və tələbələri əhəmiyyətli dərəcədə yararlana biləcək.

Yekun konfransda tərtib olunmuş proqrama əsasən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Read Qasımaov salamlama nitqi ilə çıxış etdikdən sonra kitabın elmi redaktoru Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, filologiya elmləri doktoru, professor Vilayət Quliyev, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik  Nizami Cəfərov,  filologiya elmləri doktoru, professor, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri Şəfəq Əlibəyli, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin dosenti Əsmətxanım Məmmədova, əməkdar incəsənət xadimi, professor, Bəstəkarlar İttifaqının üzvü Zümrüd Dadaşzadə və filologiya üzrə fəlsəfə doktoru Azərbaycan  Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Səadət Şıxıyeva çıxış etmişlər.  

Kitabda Azərbaycan və dünya ədəbiyyatşünaslığının tanınmış həm klassik, həm də müasir tədqiqatçılarının araşdırmaları yer alıb. Dahi şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ildə qəbul edilmiş, lakin İkinci Dünya müharibəsi səbəbindən yubileyin yalnız 1947-ci ildə keçirilməsi mümkün olmuşdur. O illərdən etibarən Nizaminin dövrü, həyatı və yaradıcılığı ilə bağlı yeni-yeni araşdırmalar aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı 05 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilin əvvəlində “Nizami Gəncəviyə həsr edilmiş İllik Tədbirlər Planı” hazırlamış, 2021-ci ilin fevral ayından etibarən  isə İdarənin  Elm şöbəsi bu istiqamətdə bir çox respublika miqyaslı elmi-praktik konfranslar, seminarlar, dəyirmi masa müzakirələri və mühazirələr silsiləsi təşkil etmiş, respublikanın tanınmış elm və sənət xadimləri, eləcə də İdarənin aidiyyatı əməkdaşları  bu layihələrdə fəallıqla geniş elmi-ictimai auditoriyanı maarifləndirmiş, “master-klas” mühazirələri keçmişlər.  İçəri şəhərdə – Şirvanşahlar sarayının yerləşdiyi bir məkanda Nizami Gəncəviyə həsr edilmiş və böyük marağa səbəb olan belə tədbirlərin keçirilməsinin, görünür, həm də mistik bir enerjisi var.

 “Tədbirlər planı”na əsasən filologiya üzrə fəlsəfə doktoru, AMEA Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Səadət Şıxıyevanın “Azərbaycan Nizamişünaslığı və bəzi təhriflər haqqında”, filologiya üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru Aida Qasımovanın  “Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinin ərəb qaynaqları”, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovun “Nizami və türk dünyası”,  filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədlinin “Nizami yaradıcılığında İslam dini və islam düşüncə fəlsəfəsi” mövzusunda məruzələri, eləcə də  AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, Bakı Dövlət Universitetinin Tarix fakültəsi və Milli Azərbaycan Tarix Muzeyinin əməkdaşları ilə birgə  “Azərbaycan və dünya Nizamişünaslığı” adlı dəyirmi masa və müxtəlif formatlı digər tədbirlərin təşkil edilməsi “Nizami Gəncəvi İli”ndə maarifləndirici əhəmiyyətindən başqa, həm də Nizamişünaslığın problem məsələlərini ortaya qoymuşdur.

               Azərbaycan Nizamişünaslığından danışarkən ilk növbədə Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərindəki qeydlər, M.M.Axundzadənin “Şeyx Nizaminin qəbri” məqaləsi (Gəncə, 1909), F.Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixinin materialları” (Bakı, 1925), M.Tərbiyətin “Danişməndani-Azərbaycan” kitabları yada düşür. Daha sonralar, 1930-cu illərin sonu, 1940-cı illərin əvvəllərində isə Nizami Gəncəvinin 800 illik yubileyi ilə bağlı Azərbaycanda, eləcə də SSRİ xalqları ədəbiyyatşünaslığında xeyli tədqiqatlar meydana gəldi. M.Rəfili, H.Araslı, M.Mübariz, M.Dadaşzadə, Y.Bertels, A.Krımski, H.Mirzəzadə və başqalarının adını çəkə bilərik.  M.Ə.Rəsulzadənin yazdığı “Azərbaycan şairi Nizami” kitabı isə şairin həyat və yaradıcılığını öyrənmək baxımından çox faydalı oldu.

Dünya ədəbiyyatşünaslığında, məsələn, A.Arberi, V.Baxer, B. Baranovski,  B.Flemminq, E.Broun, P.Çelkovski, H.Masse, P.Horn, V.Minorski, R.Patris, H.Ritter, J.Ripka, A.Boldıryev, İ.Braqinski, İ.Kraçkovski, Y.Marr, Y.Meletinski, V.Jirmunski,   A.Xaytmetov,  A.Baramidze,  D.Kobidze, B.Sərvətian, V.Dəstgirdi, S.Nəfisi və onlarla digər tədqiqatçıların yaradıcılığında Nizami irsi janr, mövzu-ideya və forma, estetik  baxımdan müqayisəli şəkildə, daha çox Qərb və Şərq  mədəniyyətlərini, ədəbi-estetik düşüncə miqyasını qarşılaşdırma kontekstində araşdırılıb.

Türkiyədə XX əsrin əvvəllərindən bu günədək Nizami irsi xüsusən Şərq İslam Mədəniyyətinə mənsub olan ortaq dəyər kimi təhlil edilir. F.Köprülü, A.N.Tarlan, A.H.Tanpınar, F.K.Timurtaş, A.Fevziye, A.S.Levend, H.Ayan, İ.Pala və onlarla müasir araşdırmaçılar Nizami irsinə dönə-dönə qayıdır və dünyanın nüfuzlu jurnallarında onunla bağlı məqalələr dərc etdirirlər.

Bu gün dünya ədəbiyyatşünaslığında Nizamiyə olan maraq sevindirici olsa da, bəzi məqamlarda narahatlıq hissi də yaradır. Vaxtilə klassik Şərq ədəbiyyatını öz təsir qüvvəsində saxlayan  (Onlarla şair “Xəmsə” yaratmağa çalışmış, yüzlərlə şair Nizami “Xəmsə”sinə daxil olan əsərlərlə eyni mövzuda dastan yazmağa cəhd etmişsə də, Nizami zirvəsinə çata bilməmişlər.) Nizami Gəncəvi  dünyanın müxtəlif dillərində tədqiq olunur. İranda yüzlərlə alim Nizamini fars şairi kimi dünyaya təqdim etmək üçün daha fundamental işlər görür. Macarıstan, İspaniya, Çexiya, İtaliya, Estoniya, Litva, Latviya, Rusiya, Ukrayna, Gürcüstan, Orta Asiya ədəbiyyatşünaslığında Nizami irsi ilə bağlı tədqiqatlar aparılır, kitablar yazılır, dünyanın ən nüfuzlu dərgilərində məqalələr işıq üzü görür.

Onu da qeyd edək ki, Qərbdə XVII əsrdən başlayaraq Şərq ədəbiyyatı və onun böyük simalarına maraq daha da artır. XIX əsrin sonunda Parisdə nəşr edilən “Şərq kitabxanası” əsəri xüsusi rezonans doğurmuşdu.

“İngilis şərqşünası Blend ilk olaraq Nizami “Xəmsə”sini tərcümə edib, onu öz xalqına təqdim etmişdir. Tanınmış ingilis şərqşünasları S.Robinson, E.Broun, A.Arberi, C.Malkolm və başqaları Nizami irsinə xeyli əsərlər yazmışlar. İngilis dilində danışan nəhəng Amerika dövləti XIX əsrin sonundan başlayaraq şərqşünasların köməyi ilə Nizami yaradıcılığına bələd olmuş, ondan faydalanmağa çalışmışlar. Amerikanın bütün universitetlərində Nizami irsinə dair xeyli işlər görülmüşdür. 1975-ci ildə P.Çelkovski “Gözəgörünməz dünyanın güzgüsü Nizami” əsərini Nyu-Yorkda çap etdirmişdir”. (C.Ağamirov)

C.Qəhrəmanov və K.Allahyarov “Nizami Gəncəvi əsərlərinin əlyazmaları dünya kitab xəzinələrində” adlı tədqiqat kitabında yazır ki, kataloqu çap olunmuş dünya kitabxana fondlarında hazırda Azərbaycanın böyük mütəfəkkir şairi Nizami Gəncəvinin ölməz əsərlərinin 900-dən çox əlyazma nüsxəsi, “Xəmsə”dən xülasələr, poemalardan parçalar saxlanılır.

Gördüyümüz kimi, Şərq, Qərb, ümumən dünya söz sənəti biliciləri Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi xəzinəsindən –“Xəmsə”dən çox əhəmiyyətli dərəcədə bəhrələnir. Çünki bu “xəzinə” bəşəri duyğularla və dahiliklə yazılmış, orta əsrlər və müasir  dövr ədəbiyyatlarına ideyaverici bir külliyyat, bitib-tükənməz dəryadır. Bəs bizim ədəbiyyatşünaslığımızda vəziyyət necədir?

XX əsrin II yarısından bu günədək Azərbaycan ədəbiyyatşünaslığının klassik irs tədqiqatçıları  Nizami yaradıcılığını müxtəlif aspektlərdən (bəziləri isə sistemli şəkildə) araşdırıblar. H.Araslı, Q.Əliyev, R.Əliyev, A.Rüstəmova, R.Hüseynov, X.Yusifli, K.Allahyarov, C.Qəhrəmanov, N.Araslı, N.Göyüşov, R.Qeybullayeva, P.Əlioğlu, M.Nağısoylu, N.Cəfərov, S.Hacı, A.Qasımova, Ş.Əlibəyli, S.Şıxıyeva, S.Rzasoy, A.Mirzəyev, Ə.Məmmədova, Ə.Sərkəroğlu  və b.

Lakin dünya sənətşünasları, xüsusən də İran tədqiqatçıları Nizami Gəncəvinin 900 illiyinə böyük miqyaslı işlər layihəsi ilə hazırlanarkən bizdəki vəziyyət qaneedici hesab edilə bilərmi? Biz dünya Nizamişünaslığında səsimizi eşitdirə bilirikmi? Nizaminin Azərbaycan şairi olması faktını nüfuzlu tribunalarda lazımlı şəkildə ifadə etmək potensialımız qaneedicidirmi? Hal-hazırda “Azərbaycan Nizamişünaslıq Məktəbi” istilahını əminliklə işlədə bilirikmi? Belə bir məktəb mövcuddurmu və onun fəaliyyəti Nizami ilə bağlı dünyada aparılan siyasi, tarixi, ədəbi prosesə nüfuz edə biləcəkmi?

Əlbəttə, suallar çoxdur, lakin biz, elm, təhsil, mədəniyyət mütəxəssisləri və qurumları  olaraq  bu sahədə əlimizdən gələni etməliyik. Elə zənn edirəm ki, Nizami Gəncəvinin 880 illik yubileyi ilində sizlərə təqdim etdiyimiz bu irihəcmli araşdırmalar toplusu faydalı olacaq.

Onu da qeyd etmək lazımdır ki, 2019-cu ildə də böyük şair-filosof İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə bütün il boyu eyni xarakterli layihələr reallaşdırılmış və nəticədə “Bir əsrlik Nəsimi araşdırmaları” adlı 800 səhifədən ibarət elmi məqalələr toplusu nəşr edilərək respublikamızın kitabxana fondlarına və bütün universitetlərin kitabxanalarına, geniş elmi auditoriyaya  təqdim edilmişdir.

İradə Musayeva

Filologiya üzrə fəlsəfə doktoru, dosent, Elm şöbəsinin müdiri


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)