Detektiv əsərlər müəllifi Con le Karre vəfat edib

Detektiv əsərlər müəllifi Con le Karre vəfat edib

0 rəylər

Britaniyalı yazıçı, detektiv əsərlərinin müəllifi Con le Karre ömrünün 89-cu ilində dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Curtis Brown” agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, dünyada Con le Karre kimi tanınan Devid Kornuell, COVID 19-la əlaqəsi olmayan qısa xəstəlikdən sonra İngiltərənin Kornuell bölgəsində vəfat edib.

Con le Karre “soyuq müharibə” dövrünün simasını göstərən və sonrakı illərdə hakimiyyətdə olanlara cəsarətlə həqiqəti söyləyən İngilis ədəbiyyatının nəhəngi sayılır.

Gənclik illərində Britaniyanın MI6 kəşfiyyat və MI5 əks-kəşfiyyat xidmətlərində çalışan Con le Karre onlarla hekayə və 25 casus romanların müəllifidir. Onun ən məşhur əsərləri “Rus evi”, “Casus, itil burdan!”, “Soyuqdan gələn casus” hesab olunur. Müəllifin ondan çox kitabı ekranlaşdırılıb və dünyanın bir çox dillərinə tərcümə olunub. Onun 2011-ci ildə lentə alınmış “Casus, itil burdan!” əsəri Britaniya Kino və Televiziya Sənəti Akademiyasında (BAFTA) iki mükafata layiq görülüb və 3 nominasiya üzrə “Oskar”a təqdim olunub. “The Times” qəzeti Con le Karreni müharibədən sonrakı dövrün ən yaxşı 50 britaniyalı yazıçılar siyahısına daxil edib.

Yazıçı “Səhra xəfiyyəsi” (Ageny running in the field) adlı sonuncu romanını 2019-cu ildə ərsəyə gətirib. Əsərdə Con le Karre yenidən Rusiya ilə Qərb arasındakı qarşıdurma mövzusuna qayıdaraq Breksitin səbəbləri haqqında fantastik bir nəzəriyyə qurub və onun təşəbbüskarları haqqında müxtəlif nəşrlərə verdiyi müsahibələrdə son dərəcə tənqidi fikirlər söyləyib.


Paylaş:

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)