Azərbaycanda yeni qədim məzar daşları tapılıb

Azərbaycanda yeni qədim məzar daşları tapılıb

0 rəylər

Neftçala rayonunun Tataraməhəllə kəndi yaxınlığında iki yerdə son orta əsrlərə aid məzar daşları tapılıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə Trend-ə bildirib ki, kəndin şərq tərəfindəki Zəngi qəbiristanlığında mövcud olan bu qəbir daşları dövrün daş işləmə sənətində mükəmməl elementlərin qorunub saxlandığını sübut edir:

“Məzar daşları çox da böyük olmasa da onların üzərində ərəb qrafikasının süls elementi nəsx xətti ilə yazılmış kitabələr və Qurani Kərimdən götürülən ifadələr bölgədə xəttatlıq sənətinin geniş təşəkkül tapdığına işarədir. Daşların əksəriyyəti baş tərəfində “Hüvəl baqi” yəni “O, (Allah) əbədidir!” kəlmələri ilə başlamaqla müxtəlif formalı naxış elementləri ilə tamamlanır. Bu tip məzar daşları ətraf ərazidəki tarixi məzar daşlarından fərqli xüsusiyyətlərə malikdir və epiqrafik baxımdan tədqiq olunması zəruridir”.

A.Ağalarzadə qeyd edib ki, kəndin qərb tərəfindəki Qarabucaq adlanan ərazidən isə xristianlıq dövrünə aid tək məzar daşı da tapılıb. Bu məzar daşı 0,90x0,48 m ölçülü boz rəngli daş üzərinə 0,67x0,29 m ölçülü ağ rəngli daş geydirilmiş kitabəli qəbirdir. Qəbir daşının üzərində xristianlığın simvolu olan xaç işarəsi və ondan aşağıda isə qazıma üsulunda müxtəlif işarəli yazılardan ibarət kitabə həkk edilmişdir: “Yerli sakinlərin dediyinə görə, XX əsrin 60-cı illərində ərazidə bu tipli daşlar çoxluq təşkil edib. Sovet hakimiyyəti rəhbərliyi hələ o zaman sahəyə baş çəkərək daşlardan bir neçəsini nümunə kimi aparıblar. Daha sonra rəhbərliyin göstərişinə əsasən qəbiristanlıq ağır texnika ilə yer üzərindən silinərək əkin sahəsinə çevrilmişdir”.
A.Ağalarzadə deyib ki, yaxın günlərdə son tapıntının ətraflı tədqiqi üçün xristianlıq dövrü ilə məşğul olan alimlər bölgəyə dəvət olunacaq və araşdırmalar aparılacaq. Maddi mədəniyyət nümunəsi mühafizə olunmaq üçün Neftçala Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.

Bizə fikirlərinizi bildirin

* Vacib sahə

Rəylər (0)